Parlament ictimai yerlərdə çarşaba qadağa qoydu

Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub.

Publika.az-ın məlumatına görə, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.

Qanuna əsasən, “ictimai yer” termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur.

Anti-İslamik partiya kimi tanınan Azadlıq Partiyası, qanunun qəbul olunmasını əhəmiyyətli hadisə adlandırır. Həmin partiyanın nümayəndəsi olan senator Marcolen Faber bildirib ki, “bu, tarixi bir gündür, ölkənin islamlaşma prosesindən azad olunması istiqamətində atılan ilk addımdır. Növbəti addım Hollandiyadaki bütün məscidlərin bağlanmasıdır.”

Buna bənzər qanunlar bir çox Avropa ölkəsində, xüsusilə Fransa, Belçika, Danimarka və Avstriyada tətbiq olunur.