Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin 23 oktyabr məlumatına görə, səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən Sent-Etyenn şəhəri merinin və Arnuvil bələdiyyəsi rəhbərinin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri ilə bağlı etiraz bildirilib: "Fransa hökuməti fiziki və hüquqi şəxslərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırılıb. Səfirə Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub”.
Xarici İşlər Nazirliyi oktyabrın 22-də rəsmi şərh yayaraq Sent-Etyenn meri Qael Perdrionun işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini pisləmişdi: "Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa qanunlarına zidd olaraq atdığı bu addım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu qanunsuz səfərdə Sent-Etyenn şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbluan müşayiət edir. Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 24 may 2018-ci il tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə sənədinə istinad edir, yerli özünüidarəetmə qurumlarına tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən "Dostluq haqqında bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil.
Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin möhləmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırırıq”.
Bakıdan Parisə xəbərdarlıq
Oxşar xəbərlər