Avqustun 4-də Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının ofisində “Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər” adlı tədbir keçirilib. Tədbirdə ölkənin ictimai-siyasi xadimləri, KİV nümayəndələri, inanclılar, siyasi məhbusların yaxınları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli bildirib ki, Qarabağ problemindən sonra ölkədə ikinci ən böyük problem siyasi məhbus problemdir: “Azərbaycanda demək olar ki, hər an absurd həbslər gözlənilir. Çox təssüf ki, məhkəmələrdən də hər hansı hüquqi araşdırma əsasında ədalətli qərarlar görə bilmirik. Əvəzində sifariş , göstəriş əsasında ədalətsiz hökmlərlə insan həyatını işgəncə və zülmlərə məruz qoyur. Ölkə qanunla idarə olunmalıdır, vətəndaş bütün mübahisəli , qanunsuz əməlləri məhkəmələrə müraciət etməklə qanun əsasında hüquqi müstəvidə həllinə nail olmalıdır. Məhkəmələr hakimiyyətin notariat kontoru vəzifəsini yerinə yetirir və verilmiş sifarişləri qeyd şərhsiz icra etmək funksiyası daşıyırsa, vətəndaş ədalətə harda ,necə nail olmalıdır? Dövlət iki halda sarsılır. Bir cinayətkar cəzasız qalanda, birdəki günahsız insan cəzalandırılanda”.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oktay Gülalıyev ölkəmizdə son günlər baş verən olaylara toxundu: “Ölkəmizin ən ağrılı problemlərindən biri bu gün siyasi məhbuslarla bağlıdır. Siyasi məhbus problemləri bu gün cəmiyyətin aynası rolunda çıxış edir. Siyasi məhbusların problemi, bu ölkədə vətəndaşların hüquqlarına münasibətin göstəricisidir. Bu gün 160 -dan çox siyasi məhbus var. Azərbaycan Avropa ölkələri arasında adambaşına görə lider ölkədir. Ən dəhşətlisi isə həbs olunan şəxslərə ağır işgəncələr verilir, təqsirləndirilən şəxslər qətlə yetirilir. Qətlə yetirilmiş insanların sosial şəbəkələrdə fotoları yayılır, nəşi ailələrinə verilmir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur siyasi məhbusların əslində şəxsi zəmində deyil, bir ölkənin hüquqları uğurunda döyüşərək zindana düşdüklərini dedi:
“Azərbaycan cəmiyyətinə o mesajı vermək lazımdır ki, siyasi məhbus olmaq, bu çətinlikləri yaşamaq bir ailənin faicəsindən daha çox bir ölkənin faciəsidir. Əgər Azərbaycanda bu gün siyasi məhbus çoxdursa demək müqavimət çoxdur. Biz bundan qürur duymalıyıq. Demək ki, hələ hər kəs susmayıb və müqavimət göstərənlər var. Demək ki, hər şey itirilməyib”.
Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Mərkəzinin üzvü, siyasi məhbus Tural Sadıqlının atası, hüquqşünas Əlövsət Sadıqlı çıxışı zamanı belə tədbirlərdə, xalqın sərgilədiyi münasibətin hökumətin də eşitməsinin vacibliyini bildirdi: “Hesab edirəm ki, hökumət öz axrının yaxınlaşdığını hiss edir ki, bu da hökuməti narahat edir. Hökumətin bu gün xalqa qarşı bu qədər aqressivləşməsinin səbəbi də elə bu narahatçılıqdır”.
Səid Dadaşbəyli işində şərlənərək həbs edilən siyasi məhbus Rasim Kərimovun anası İradə Kərimova oğlu və adıçəkilən qrupdakı digər məhbusların ürəkdağlayan taleyindən söz açıb:
“Hakim Ənvər Seyidov o vaxt bu Səid Dadaşbəylinin dəstəsi qrupunda həbs edilən 10 nəfər gəncə 10-12 il həbs cəzasının verilməsi haqqında hökm oxudu və bəlli oldu ki, bu uşaqları həm vəhhabilikdə, həm şiəlikdə, həm sünnilikdə ittiham ediblər. Biz analar 12 ildir bu ədalətsizliyə qarşı döyüşürük. Çünki həbslər təzə başlayanda heç kəs bizi müdafiə etmirdi. İllər keçdi, bəlli oldu ki axı bu ziyalı gənclərin hamısı şərlənib.
Aradan keçən bu qədər müddətdə bu gənclərin çoxunun ailəsi dağıldı, övlad yolunu gözləyən anaların bəziləri bu nisgillə dünyadan köçdü”.
AXCP fəalı, şərlənərək həbs edilən Ruslan Nəsirlinin anası Məleykə Nəsirova bütün anaları ölkədəki ədalətsizliklə mübarizəyə səslədi: “Bu gün mənim uşağımı günahsız yerə, şərləyərək həbs ediblər, sabah sənin, bir gün o birinin uşağnı şərləyəcəklər. Odur ki, qapımızın bir-bir döyülməsini gözləməyək, hamımız birləşək və bu ədalətsizliyə etiraz edək”.
Tədbirin sonunda R.Əhmədli bu günlərdə doğum günlərini zindanda qarşılayan mübariz gənclərimiz Qiyas İbrahimli və İlkin Rüstəmzadəni tədbir iştirakçıları adından bir daha təbrik etdi və həbsdə olan gənclərin Azərbaycan gəncliyi üçün nümunə olduğunu vurğuladı.
"Azərbaycanda hər an absurd həbslər gözlənilir"
Oxşar xəbərlər