Mingəçevirdəki enerji qəzası haqda yekun rəy bir həftəyə təqdim ediləcək

İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin  birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə  qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir. 

Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov işlərin gedişi barədə Modern.az-a açıqlama verib.

Dövlət Komissiyasının üzvü  hadisə ilə bağlı hazırda araşdırmaların yekunlaşmaq üzrə olduğunu bildirib.

“Hadisə ilə bağlı Komissiya yekun rəyini hazırlamaq üzrədir. Ümid edirik ki, hadisənin yekun rəyi 1 həftə ərzində tam hazırlanacaq. Və aparılan araşdırmaların nəticələri tam olaraq bəlli olandan sonra ölkə başçısına məruzə ediləcək”.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir: 

Komissiyanın sədri 

Baş nazirinin birinci müavini Yaqub Eyyubov 

Komissiya sədrinin müavini 

Energetika naziri Pərviz Şahbazov  

Komissiyanın üzvləri 

Daxili işlər naziri Ramil Usubov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

Baş prokuror Zakir Qaralov

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev

“Azərişıq” ASC-nin sədri Baba Rzayev

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

Fizika İnstitutunun direktoru Nazim Məmmədov