Elmira Süleymanovanın maaşı artdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Gununsesi.info məlumat verir ki, bu dəyişiklik Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlıdır.

Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı – 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq.

Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qanuna edilən dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur. 1937-ci il təvəllüdlü E.Süleymanova 2002-ci ildən Azərbaycanın insan hüquqları üzrə müvəkkilidir, onun səlahiyyət müddəti 2017-ci ildə başa çatıb.