Alim Yusifovun intizam cəzasının artırılması məhbusların etirazı ilə qarşılanıb

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun noyabrın 18-dən başlayan karser cəzası bitsə də məhbus cəza kamerasından buraxılmayıb. Bu barədə həbsxanada cəza çəkən məhbuslar məlumat verib. Belə ki, dünən (noyabrın 24-də) Alimin karser müddəti bitmişdi. Lakin son anda müəsisə rəhbərliyi bildirib ki, Alimə əlavə olaraq da 7 günlük karser cəzası verilib. 

Alim Yusifov noyabrın 14-də ailə görüşü zamanı müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəbindən karserə salınıb. Həyat yoldaşının bildirdiyinə görə iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat pul tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib.

Yusifov digər məhbusların ailələrinin də görüş zamanı 70 manat ödədiyini bildirərək bu tələbə etiraz edib. Xanımın, həyat yoldaşının cəza kamerasına yerləşdirilməsini də həmin mübahisə ilə əlaqələndirib.

Növbəti karser müddətinin artırılmasını məhbuslar məhz digər məhbusların da etiraz edəcəyi halda onları gözləyən vəziyyətlə əlaqələndirir. Məhz buna görə də bir qrup məhbus noyabrın 24-də müəsisədə etiraz edərək A. Yusifovun karser müddətinin artırılmasına etiraz ediblər. Onlar məsələnin həll edilməyəcəyi halda aclıq aksiyası da daxil olmaqla daha sərt reaksiya verəcəklərini bildiriblər.

Xatırladaq ki, Alim Yusifov 2024-cü il yanvarın 31-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2024-cü il mayın 6-da onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Yusifov və ailəsi ittihamları qəbul etmir, onun dini inanclarına görə həbs olunduğunu bildirirlər.

O, bundan əvvəl də həbsdə olub. Yusifov 2018-ci ildə Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və həmin ilin iyulunda baş verən etirazlarla bağlı saxlanılıb. 2019-cu ilin mayında ona 7 il 6 ay həbs cəzası verilib, 2023-cü ilin dekabrında isə əfv sərəncamı ilə azadlığa buraxılıb.