“Əl-Cəzirə”: Şuşa görüşü Azərbaycan-Türkiyə gərginliyinin səbəblərini aradan qaldırmayıb

“Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin dərc etdiyi təhlildə bildirilir ki, noyabrın 8-də İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşadakı görüşü sentyabrın sonundan noyabrın əvvəlinədək davam edən gərginliyi yumşaltsa da, böhranın siyasi səbəbləri ilə bağlı sualları cavabsız qoyub. Müəllifin fikrincə, mübahisəni Azərbaycan məktəblərində geyim qaydalarının sərtləşdirilməsi başladıb, lakin onun dərinləşməsində Azərbaycan-İsrail münasibətləri də rol oynaya bilər.

Təhlildə xatırladılır ki, sentyabrın 21-də Nazirlər Kabineti məktəbli formasına dair qaydaları dəyişib, oktyabrın 6-da isə müəllimlərin geyiminə yeni tələblər qoyulub. Qərarlarda hicab birbaşa qadağan edilməsə də, hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması halları olub. Bu, Türkiyənin mühafizəkar çevrələrində 1990-cı illərdə orada tətbiq olunan hicab məhdudiyyətlərini xatırladıb.

Oktyabrın 12-də Ərdoğanın baş müşaviri Oktay Saral hicablı şagirdlərin təhsildən məhrum edilməsini qəbuledilməz adlandırıb. Ertəsi gün Yeni Azərbaycan Partiyası Türkiyədəki siyasi dairələri daxili işlərə qarışmaqda ittiham edib və Azərbaycanın İsraillə münasibətlərinin tənqidini də qəbuledilməz sayıb. “Əl-Cəzirə” bəyanatda İsrailin xüsusi vurğulanmasını mübahisənin təkcə hicabla bağlı olmadığının əlaməti kimi görür.

Oktyabrın 15-də Bakıdakı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində İsrail prezidenti İsaak Hersoq çıxışa başlayanda Türkiyənin xarici işlər naziri Hakan Fidan və bir sıra müsəlman ölkələrinin nümayəndələri zalı tərk edib. Təhlildə Türkiyənin hava məkanı məhdudiyyətlərinə görə Hersoqun Bakıya Azərbaycan təyyarəsi ilə gətirildiyi yazılır. Türkiyədə bəzi siyasi dairələr bu qəbulu Qəzza müharibəsi və Türkiyə-İsrail münasibətlərinin pisləşməsi fonunda Ankaraya mesaj kimi qiymətləndirib.

Sonrakı həftələrdə Azərbaycan Xarici İşlər Nazirliyi Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan da daxil olmaqla 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib, Əliyev isə oktyabrın 30-da Ankaradakı Türk Dövlətləri Təşkilatının sammitinə qatılmayıb; Bakı bunu iş qrafiki ilə izah edib. Oktay Saral oktyabrın 26-da istefa verib. Türkiyə mediasında bunun Bakının tələbi ilə olduğu iddia edilsə də, bu, rəsmən təsdiqlənməyib; “Əl-Cəzirə” istefanı Ankaranın gərginliyi azaltmaq cəhdi kimi dəyərləndirir.

Təhlilin əsas suallarından biri İsrailin Azərbaycandakı siyasi və təhlükəsizlik təsirinin nə qədər artmasıdır. Müəllif yazır ki, bəzi qiymətləndirmələrə görə Azərbaycan nefti İsrailin neft tələbatının təxminən 40 faizini ödəyir və Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə limanı üzərindən daşınır. 1990-cı və 2000-ci illərdə Ankara Bakının İsraillə yaxınlaşmasına etiraz etmirdi, çünki o vaxt özünün də İsraillə geniş hərbi və siyasi əməkdaşlığı vardı.