Samir Babayevə hökm oxundu – 5 il 6 ay

Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökm elan olunmazdan əvvəl hakim Samir Babayevdən məhkəmədən gözləntisini soruşub. Babayev heç bir gözləntisinin olmadığını bildirib. O, illərdir məhkəmə ədalətinə ümidin itdiyi bir cəmiyyətdə sifarişli hesab etdiyi prosesdən fərqli nəticə gözləmədiyini söyləyib.

Babayev həbsini Tale Bağırzadəyə sədaqətinin “cəzası” kimi qiymətləndirib və bu mövqeyinə görə peşman olmadığını vurğulayıb. Onun sözlərinə görə, dəfələrlə Tale Bağırzadədən uzaqlaşması tələb olunub, əks halda uzunmüddətli həbs olunacağı ilə hədələnib. Babayev bu təzyiqləri hakimiyyətin zəifliyinin göstəricisi adlandırıb və barəsində qərarın sübutlara deyil, sifarişə əsaslanacağını bildirib.

Daha sonra hakim hökmü elan edib. Təqdim olunan məlumata görə, məhkəmə ilkin ittihamı təsdiqləyən kifayət qədər sübut olmadığı qənaətinə gələrək əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edib. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımanı nəzərdə tutan bu maddə ilə Babayevə 5 il 6 ay həbs cəzası verilib.

Xatırladaq ki, Samir Əbdülxaliq oğlu Babayev 2026-cı il martın 6-da saxlanılıb. Onun narkotiklərlə bağlı ittihamın saxta olduğunu və saxlanılarkən ağır işgəncələrə məruz qaldığını bildirdiyi səs yazısı da yayılıb.