Berlində Almaniya Xarici İşlər Nazirliyinin qarşısında oturaq etiraz aksiyası başlayıb

16 noyabr 2026-cı il tarixindən etibarən Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər Almaniyanın paytaxtı Berlində, Federal Xarici İşlər Nazirliyinin qarşısında oturaq etiraz aksiyasına başlayıblar.

Aksiyanın əsas məqsədi Azərbaycanda siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin azadlığa buraxılması, həbsxanalarda məhbuslara qarşı işgəncə və qeyri-insani rəftar hallarına son qoyulması, azad medianın susdurulması istiqamətində həbs edilən jurnalistlərin azad edilməsi və fundamental insan hüquqlarının təmin olunması tələblərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Etirazçıların əsas tələbləri bunlardır:

Azərbaycanda bütün siyasi məhbusların azadlığa buraxılması;

Həbsxanalarda işgəncələrə, təzyiqlərə və qeyri-insani rəftara son qoyulması;

Söz və mətbuat azadlığına qarşı təzyiqlərin dayandırılması, həbsdə olan jurnalistlərin azad edilməsi;

Təhsil müəssisələrində hicab qadağasının ləğv olunması;

Hicablı şagirdlərin heç bir ayrı-seçkiliyə məruz qalmadan təhsil hüquqlarının bərpa edilməsi və dərslərinə maneəsiz davam etmələrinin təmin olunması.

Aksiya iştirakçıları beynəlxalq insan hüquqları təşkilatlarını, Almaniya hökumətini və Avropa institutlarını Azərbaycanda baş verdiyi bildirilən insan hüquqları pozuntularına diqqət yetirməyə, siyasi məhbusların və vicdan məhbuslarının hüquqlarının müdafiəsi istiqamətində təsirli addımlar atmağa çağırırlar.

İnsan hüquqları sərhəd tanımır! Siyasi məhbuslara azadlıq, işgəncələrə son, hər bir uşağa maneəsiz təhsil hüququ!

 

MBH Avropa Nümayəndəliyi

Berlin, Almaniya

17 noyabr 2026-cı il