Jurnalist Polad Aslanov hicab qadağasına etiraz olaraq aclığa başlayıb

Həbsdə olan jurnalist, “Xeberman” saytının rəhbəri Polad Aslanov oktyabrın 8-dən aclıq aksiyasına başladığını bəyan edib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova “Facebook” hesabında məlumat yayıb.

15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Aslanov bildirib ki, aclığa hicablı şagirdlərin məktəblərə buraxılmamasına və müəllimlərin geyiminə tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq başlayıb.

Jurnalistin sözlərinə görə, öz övladının da təhsil hüququ məhdudlaşdırılıb.

“Öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimələrimizin hüquqlarının müdafiəsi üçün aclıq aksiyasına başladığımı bəyan edirəm”, - deyə o bildirib.

Polad Aslanov bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etdiyini, lakin cavab almadığını da qeyd edib.

O, geyim məhdudiyyətlərinin Konstitusiyanın vicdan azadlığını təmin edən 48-ci maddəsinə zidd olduğunu hesab edir.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi qaydalarına dəyişiklik edib. Oktyabrın 6-da isə müəllimlərin geyiminə dair ayrıca tələblər təsdiqlənib. Bundan sonra hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı şikayətlər yayılıb.

Polad Aslanov 2019-cu ildə həbs edilib. O, dövlətə xəyanət ittihamı ilə əvvəlcə 16 il, daha sonra 13 il azadlıqdan məhrum olunub. Jurnalist ittihamları qəbul etmir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.