İraq və Türkiyə Ceyhan vasitəsilə neft ixracının artırılmasını müzakirə edib

İraq və Türkiyə Ceyhan limanı üzərindən həyata keçirilən neft ixracının həcminin artırılması imkanlarını müzakirə ediblər.

Bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın neft naziri Bəsim Məhəmməd Xudeyr əl-Abbadi Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı, energetika naziri Alparslan Bayraktarla görüş keçirib.

Danışıqlar zamanı Ceyhan neft kəməri ilə ixracın davam etdirilməsi, eləcə də iki ölkə arasında yeni neft ixracı sazişinin hazırlanması məsələləri diqqət mərkəzində olub. Tərəflər həmçinin boru xəttinin ötürücülük imkanlarının genişləndirilməsini və Türkiyə şirkətlərinin İraqın neft-qaz sektorundakı layihələrə cəlb olunmasını müzakirə ediblər.

Hazırda Ceyhan istiqamətində neft ixracının gündəlik 750 min barelə çatdırılması nəzərdə tutulur. Yeni çərçivə sazişinin imzalanması ilə bu həcmin 1,5 milyon barelə qədər artırılması planlaşdırılır.

Ceyhan marşrutunun genişləndirilməsi İraqa neftin dünya bazarlarına çıxarılması üçün əlavə alternativlər yarada və Hörmüz boğazından keçən daşımalarla bağlı risklərin müəyyən qədər azaldılmasına imkan verə bilər.

Qeyd edək ki, Ceyhan neft kəmərinin texniki ötürmə qabiliyyəti sutkada 750 min bareldir. Lakin Hörmüz boğazında böhranın başlamasından sonra İraq bu marşrutla gündəlik ixracı 170 min bareldən yuxarı qaldıra bilməyib.