Bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir

Azərbaycanda bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir.

Bu barədə "Toplum TV"-yə məlumat verən, adının açıqlanmasını istəməyən müəllimlərin dediyinə görə, Sumqayıtda yerləşən bir neçə məktəbə bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib. Tapşırığa əsasən, hicablı müəllimlərin ya hicablarını açmaları, ya da ərizə yazaraq işdən çıxmalarının tələb olunduğu iddia olunur.

Jurnalist Arzu Abdullanın sosial media hesabında yaydığı məlumata görə isə, Bakının Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə də hicablı müəllimlərə qadağa qoyulub.

Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb. Nazirlikdən "Toplum TV"-nin mövzu ilə bağlı daha öncəki sorğusuna da cavab verilməyib.

Qadağanın Nazirlər Kabinetinin oktyabrın 6-da verdiyi qərarla əsaslandırıldığı bildirilir.

Həmin qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər yeni geyim qaydalarına əməl etməlidir. Qaydalarda hicaba qadağa qoyulduğu yazılmasa da, geyimlərin dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur.