İmam Hüseyn (ə) Ziyarətgahının Sibteyn Tibb Universiteti

İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) Ziyarətgahının təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən Sibteyn (ə) Tibb Elmləri Universiteti beynəlxalq standartlara cavab verən akademik mərkəz kimi fəaliyyətini davam etdirir.

Ölkənin ilk rəsmi beynəlxalq akademik filialı statusunu daşıyan ali təhsil müəssisəsi İraq Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərir.

Universitetdə tədris prosesi və akademik proqramlar Tehran Tibb Elmləri Universiteti (TUMS) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təhsil ocağının tərkibində Tibb, Stomatologiya, Tibb bacısı və Mamalıq, eləcə də Reabilitasiya və Fizioterapiya fakültələri fəaliyyət göstərir.

Sibteyn Tibb Elmləri Universiteti müasir laboratoriyalar, virtual simulyasiya mərkəzləri və tədqiqat kompleksləri ilə təchiz olunub. Tələbələrin praktiki biliklərə yiyələnməsi üçün Müqəddəs Ziyarətgah İdarəsinin nəzdindəki müasir xəstəxana şəbəkəsində təcrübə keçmək imkanı yaradılıb.