Onların məqsədi islah adı altında fiziki və mənəvi olaraq övladlarımızı məhv etməkdir

Siyasi məhbus Mirvasid Əliyevin anası media vasitəsi ilə müraciət yayımlayıb. Öz müraciətində ana, oğluna qarşı davranışları təhqid edib.

“17 yaşında "dövlətin Konstitusion quruluşunu zorla ələ keçirilməsi" kimi ağır ittihamla şərləyib həbs edilən, 2006-cı il təvəllüdlü Əliyev MirVasid Vüqar oğlu, uzun çəkən apellyasiya "istintaqının" başa çatmasından, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının qüvvədə saxlanmasından sonra, oğlumuz 20 iyun tarixində Umbakı Penitensiar Kompleksindən 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Köçürüldüyü gündən bu günə qədər, 27.08.2026, onu bir gün belə olsun ümumi rejimə, zona buraxmayıblar. Bu iki aydan çox müddətdə müxtəlif cərimələr altında, cərimələrin ümumi sayı 6 olmaqla, karsa salınıb.

Bir neçə dəfə karsa salındıqdan sonra ona müəssisə daxilində qapalı rejim tətbiq olunub. Bu gün də qapalı rejimdə saxlanılır.

Bundan sonra müəssisə daxilində onlayn məhkəmə təşkil edib. Yazdıqları cərimələrə özləri "şahidlik" edərək, müəssisənin rəhbərliyi oğlumuz Əliyev MirVasidi 3 il müddətinə Umbakının krıtısına göndərməyi məhkəmədən xahiş edib.

Müəssisə tərəfindən səbəb kimi göstərilib ki, oğlumuz MirVasid islah olunmur, daxili qaydaları pozur, işçilərə qarşı kobud rəftar edir, səhər və axşam otağın yoxlanılmasına mane olur, özünü inkişafla məşğul olmur, pis məhkumlara tərəf meyl edir, təbliğat aparır və s.

Və bütün bu ittihamlar ümumi rejim, zon üzü görməyən şəxs haqqındadır.

Son olaraq, onlayn keçirilən məhkəmədə çıxarılan qərar: "6 ay müddətində Umbakı Penitensiar Xidmətin krıtısında cəza çəkməlidir."

Əsassız ittihamlara, cəzalara, saxlanma şəraitinin bərbad olmasına etiraz olaraq oğlumuz Əliyev MirVasid aclıq edir.

Bütün bunlar bizi çox narahat edir. Oğlumuzun səhhətinin daha da pis olacağından narahatıq.

Gördüyümüz, anladığımız odur ki, bunların demək olar ki, hamısının məqsədi islah adı altında fiziki və mənəvi olaraq övladımızı məhv etməkdir.

Bu, bir soyuq müharibədir, pambıqla baş kəsməkdir.

Mən, Əliyeva Xansənəm Məhəmməd qızı, bir ana olaraq, Azərbaycan vətəndaşı olaraq, gücü yetən qeyrətli, vicdanlı şəxslərə müraciət edib demək istəyirəm ki, bu "xüsusi" münasibət təkcə oğlum Əliyev MirVasidə qarşı deyil.

Demək olar ki, bütün dindarlara qarşıdır. Ümumiyyətlə, bütün haqq söz deyən haqq əhlinə qarşıdır.

Bu kütləvi basqıya, soyuq müharibəyə qarşı nəzarət etmənizi xahiş edirəm.”