Von der Leyen Azərbaycana gəlib: “Tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün Bakıdayam”

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 1-də Azərbaycana səfərə gəlib. Səfər ərəfəsində Azərbaycanda həbsdə olan bir qrup jurnalist, ictimai fəal və siyasi məhbus Avropa rəsmisini insan haqları məsələsini Azərbaycan hakimiyyəti ilə danışıqların əsas mövzularından birinə çevirməyə çağırıb.

Von der Leyeni Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər proqramı çərçivəsində Avropa Komissiyasının Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur. Onun Bakıdan sonra Ermənistana səfər edəcəyi bildirilir.

Von der Leyen “X” hesabında səfərlə bağlı paylaşım edərək Avropa İttifaqının Cənubi Qafqazın sülh içində, firavan və parlaq gələcəyinə inandığını yazıb.

“Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ-Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayam”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Səfərdən əvvəl Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalist von der Leyenə müraciət ünvanlayıb.

“Abzas Media işi” üzrə həbs olunmuş jurnalistlər Avropa Komissiyasının Prezidentinə müraciətlərində Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu xatırladıblar.

“İlham Əliyevin ölkədə kütləvi həbslər həyata keçirərkən bir arxayınlığı var. O da Avropanın susqunluğudur. Avropa ölkələrinin Azərbaycanla enerji əməkdaşlığı dəyərlərin maraqlara qurban verilməsinə gətirib çıxarıb”, - müraciətdə deyilir.

Jurnalistlər von der Leyeni Azərbaycanda insan haqları pozuntuları barədə təkcə qapalı görüşlərdə deyil, ictimai şəkildə də danışmağa çağırıblar.

“Azərbaycanda rəsmi şəxslərlə görüşünüz zamanı insan haqları ilə bağlı pozuntulara səssiz qalmayacağınıza ümid edirik. Bu barədə təkcə bağlı qapılar arxasında yox, eyni zamanda ictimai şəkildə danışacağınıza ümid edirik. Həm də ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq üçün öncə ölkənin insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsini, siyasi məhbusları azad etməsini şərt kimi irəli sürəcəksiniz. Sizi dəyərlərinizi iqtisadi maraqlarınıza qurban verməməyə çağırırıq”, - jurnalistlər bildiriblər.

III Respublika Platformasının “Toplum TV işi” üzrə həbsdə olan spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli də Avropa Komissiyasının Prezidentinə müraciət ediblər.

Onlar von der Leyenin Azərbaycana səfərini yüksək qiymətləndirdiklərini, lakin Avropa İttifaqının demokratikləşmə və insan hüquqları məsələlərini gündəmdə saxlamaq məsuliyyətinin olduğunu vurğulayıblar.

“Avropa İttifaqının xarici siyasət prioriteti məhz əməkdaşlıq edilən ölkəyə münasibətdə insan haqları, demokratikləşmə və hüququn üstünlüyü prizmasından yanaşmaqdır. Xanım Ursula von der Leyendən xahişimiz rəhbərlik etdiyi qurumun xarici siyasət prioritetini Əliyev Azərbaycanına münasibətdə nümayiş etdirməsidir. Eyni zamanda əməkdaşlığı təkcə hökumətlə deyil, Azərbaycan xalqının müstəqil vətəndaş cəmiyyəti, media təmsilçiləri və siyasi qrup təmsilçiləri ilə də etməlidir. Xalqla tərəfdaşlıq qurulmadan, ölkə demokratikləşmədən yaranan münasibətlər, edilən əməkdaşlıq dəyərlərə xidmət edə bilməz. Dəyərlərə əsaslanmayan əməkdaşlıq isə qalıcı və dayanıqlı olmaz”, - müraciətdə qeyd olunur.

Həbsdə olan iqtisadçı Fazil Qasımov da von der Leyenə məktub göndərib. O, Avropa Komissiyasının Prezidentindən azadlığa buraxılması üçün köməklik göstərməsini xahiş edib. İqtisadçı eyni məzmunlu məktubla Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa da müraciət edib.

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev və bir qrup fəal isə von der Leyenə müraciətlərində Avropa İttifaqı ilə Azərbaycan arasında son illərdə müşahidə olunan “müsbət dinamikanı məmnunluqla qarşıladıqlarını” bildiriblər.

Bununla belə, onlar Aİ-Azərbaycan münasibətlərinin yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamalı olduğunu vurğulayıblar.

“Bununla yanaşı, hesab edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında dayanıqlı, etibarlı və uzunmüddətli münasibətlər yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamalıdır. İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz və əsas sütunlarından biri olmalıdır. Azərbaycana planlaşdırılan səfəriniz ərəfəsində sizi insan hüquqları məsələsini Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq”, - bəyanatda deyilir.