Həbsdə olan jurnalist Polad Aslanova ailə üzvləri ilə görüşə icazə verilmədiyi bildirilir.
Bu barədə "Toplum TV"-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, P.Aslanovun işgəncə şikayəti ilə bağlı Səbail Rayon Məhkəməsində məhkəmə prosesi təyin olunub və prosedura uyğun olaraq o, saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
"Aprelin 15-də cəzaçəkmə müəssisəsində görüş günümüz idi. Lakin həmin gün Polad təcridxanaya köçürüldüyünə görə onunla görüşə bilmədik. Təcridxanada aprelin 19-da görüşə rəhbərlik tərəfindən icazə verilsə də, həmin gün getdikdə qapıdakı işçilər belə bir icazənin olmadığını dedilər. Rəisin də işdə olmadığını deyərək onunla əlaqə saxlamaqdan imtina etdilər və nəticədə görüşə buraxılmadıq. Halbuki ədliyyə sistemində bazar günü iş günü sayılır və rəis və müavinləri də iş başında olmalı idi", - həyat yoldaşı qeyd edib.
G.Aslanova əlavə edib ki, aprelin 20-də həyat yoldaşı ilə 5 dəqiqəlik telefon danışığı olub, halbuki həftədə iki dəfə, hər biri 15 dəqiqə olmaqla danışıq hüquqları var. O, bu barədə Ombudsman Aparatı və Penitensiar Xidmətin qaynar xəttinə məlumat verdiyini bildirib.
P.Aslanovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddiasına baxmaq üçün aprelin 17-də Səbail Rayon Məhkəməsində proses təyin olunsa da, vəkil Elçin Sadıqovun iştirak edə bilməməsinə görə proses aprelin 24-ə təxirə salınıb.
Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və bunu korrupsiya ilə bağlı ifşaları ilə əlaqələndirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.
Polad Aslanova ailə üzvləri ilə görüşə icazə verilmir