Sumqayıt 15 nömrəli məktəbdə qalmaqal: Müavinlər işdən çıxarıldı, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aparılan maliyyə yoxlamaları böyük ictimai rezonans doğurub. Yoxlama nəticəsində təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb. Müavinlərin işdən çıxarılmasının səbəbi ilə bağlı rəsmi məlumat verilməsə də, müxtəlif iddialar ortaya atılıb.

 

Sinif otaqları icarəyə verilir, "VIP siniflər" yaradılır

Məlumatlara görə, məktəbdə ciddi qanunsuzluqlar baş verir. İkinci növbədə yuxarı mərtəbələrdə sinif otaqları repetitorluq fəaliyyəti üçün icarəyə verilir. Həmin otaqlarda həm məktəbin öz şagirdləri, həm də digər məktəblərdən olan şagirdlərə pullu dərslər keçilir. Həmçinin iddia olunur ki, bəzi siniflər (qaydalara zidd olaraq) maddi maraq qarşılığında ikinci növbədən birinci növbəyə salınıb.

 

İdman sahəsi satılıb, vəsait mənimsənilir?

İddialar bununla da bitmir. Məktəbin idman sahəsinin satıldığı, lakin hər il idman dərsləri üçün büdcədən böyük məbləğdə vəsait ayrılmağa davam edildiyi bildirilir. Bu, ciddi korrupsiya şübhələrinə yol açır.

 

Regional Təhsil İdarəsi maliyyə yoxlamasını təkzib edir

Maraqlıdır ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəbdə hər hansı maliyyə yoxlamasının aparılmadığını bildirib. Bu açıqlama ilə ictimaiyyətə sızan “yoxlama” xəbərləri arasında ziddiyyət yaranıb.

 

Qalmaqalın yaratdığı suallar

Bu qalmaqal, təhsil sistemində nəzarət mexanizmlərinin zəifliyini, cəzasızlıq mühitini və səlahiyyət sahiblərinin məsuliyyətdən yayınmasını bir daha göz önünə qoyur. Direktor Elmira Yaqubovanın işdən çıxarılmaması, ictimaiyyət arasında onun “toxunulmaz” olduğu təəssüratını yaradıb. Bu vəziyyət, eyni səhvlərin təkrarlanacağı və daha ciddi pozuntuların yaranacağı qorxusunu artırır.