Amnistiya ilə azadlığa buraxılan şəxsin məhkəmə qərarı olmadan yenidən həbs olunduğu bildirilir

Ötən ilin sonunda amnistiya ilə azadlığa buraxılan şəxsin məhkəmə qərarı olmadan yenidən həbs olunduğu bildirilir.
"Abzas Media"nın martın 30-da yaydığı xəbərə görə, 26 yaşlı Natiq Ələkbərov adlı Tovuz sakini dekabrın 22-də saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən amnistiya ilə azadlığa buraxılıb. Lakin ailə üzvləri fevralda onun yenidən müəssisəyə aparıldığını və məhkəmə qərarı olmadan hələ də orada saxlanıldığını deyir.
Ailə üzvlərinin sözlərinə görə, fevralın 14-də Penitensiar Xidmətin əməliyyat və rejim baş idarəsinin rəisi Fikrət Qafarov həbsxanaya gələrək N.Ələkbərovla görüşüb. Onlar deyir ki, F.Qafarov saxlanılan şəxsə ailəsinin heç yerə şikayət etməməsini tapşırıb və tezliklə azadlığa buraxılacağını söz verib. Rəisin sözlərinə görə, müəssisə işçiləri N.Ələkbərovu eyni ad, soyad və ata adına malik başqa bir şəxslə səhv salıblar və problemin həll olunması üçün o, bir neçə gün səbr etməlidir.
Lakin martın 30-a olan məlumata görə, N.Ələkbərov hələ də azadlığa buraxılmayıb və barəsində hələ də heç bir yeni həbs cəzası hökmü yoxdur.
Yaxınları əlavə edir ki, yenidən həbsə görə ailəyə ciddi maddi ziyan dəyib. Belə ki, N.Ələkbərovun fevralda nişan, martda isə toy mərasimi olacaqmış. Ailə toy məclisi üçün Gəncədə bir restoranla razılaşıb, beh verib və digər hazırlıq xərclərini ödəyib. Lakin nəticədə nə nişan mərasimi, nə də toy baş tutub.