Azərbaycan xüsusi təyinatlısı saxta jurnalist vəsiqəsi ilə Ermənistan mövqelərinin arxasına keçib?

“X” platformasında fəaliyyət göstərən ingilis dilli “The Azeri Times” hesabı 2025-ci ilin oktyabrında video dərc edərək iddia edib ki, görüntülər 2020-ci il Qarabağ müharibəsi zamanı ermənicə səlis danışan Azərbaycan xüsusi təyinatlılarının saxta jurnalist vəsiqələri ilə Ermənistan mövqelərinin arxasına keçdiyini əks etdirir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Videonu internetdə geriyə doğru axtardığımız zaman bu iddianın ilk dəfə 2 Oktyabr 2025-ci ildə Mircavidan Niftullayev adlı youtube kanalı tərəfindən ortaya atıldığı məlum olur.

Bu kanal Kamran İbrahimov adlı xüsusi təyinatlı ilə 48 dəqiqəlik müsahibəsinin giriş hissəsində haqqında danışılan videonu təqdim edib. Müsahibə “XTQ Jurnalist kimi erməninin içinə sızdı və videoya çəkdi” başlığı ilə dərc edilib. Sözügedən görüntülərlə başlayan müsahibənin heç bir yerində xüsusi təyinatlı Kamran İbrahimov özünü jurnalist kimi qələmə verərək Ermənistanın döyüş mövqelərinin arxasına keçdiyini iddia etmir.

Bundan əlavə, internetdə axtardıqda videonun ilk dəfə “YouTube”da Ermənistanın sənədli film studiyası olan Bars Media Films kanalı tərəfindən dərc edildiyi görünür. Görüntülərin üzərində qurumun adı da görünməkdədir. Qeyd edək ki, bu ad Mircavidan Niftullayev kanalında paylaşılan videonun üzərindən silinib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “The Azeri Times”in dərc etdiyi xəbər saxtadır.