Azərbaycan ötən il AİHM qərarlarını icra etməməkdə 3-cü yer tutub

Azərbaycan 2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) qərar verilən və Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) göndərilən işlərin sayı üzrə 2-ci yer tutub. 

Bu, AŞNK-nin illik hesabatında öz əksini tapıb. 

Ötən il, ümumilikdə, AİHM 921 iş üzrə qərar verib və komitəyə icrasına nəzarət üçün göndərib. 2024-cü ildə isə bu rəqəm 992 idi. 

Qərar verilmiş və icra üçün AŞNK-yə göndərilmiş işlərdən 75-i Azərbaycana aid olub. Azərbaycan bununla İtaliya ilə birlikdə siyahıda ikinci yer tutub. Ukrayna 159 qərarla ilk, Macarıstan 70 qərarla 3-cü, Türkiyə 69 qərarla 4-cü yeri tutub. 

2025-ci ildə Avropa Şurasına üzv dövlətlər tərəfindən icrası yerinə yetirilməyən qərarların sayı isə 3889 olub. 2024-cü ildə bu göstərici 3916 olub. 

Azərbaycan 397 qərarla bu siyahıda 3-cü yer tutub. Əvvəlki il isə Azərbaycanın icra etmədiyi qərarların sayı 329 olub. Ukrayna 904 qərarla siyahıda ilk, Türkiyə 445 qərarla 2-ci, İtaliya 318 qərarla 4-cü yeri tutub. 

2025-ci ildə AİHM Azərbaycan hökumətinin ərizəçilərə ödəməsi üçün 3,893,486 avro məbləğində təzminat təyin edib. Müqayisə üçün, məhkəmə 2024-cü ildə Azərbaycana qarşı 568,800 avro təzminat təyin edib. 

AŞNK hesabatın Azərbaycanla bağlı hissəsində bildirir ki, hökumət ötən il komitənin sorğularına sonuncu dəfə martın 18-də olmaqla yalnız iki dəfə cavab verib və həmin vaxtdan əlaqəni dayandırıb. 

Azərbaycan prezidenti İlham Əliyev isə ötən il aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin 2024-ci ildə Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
 
AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

AİHM işləri ilə məşğul olan vəkillər isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir.