Bu gün Gürcüstan məscidlərində Fitr bayramı namazı qılınıb

Gürcüstanda Marneuli şəhərində yerləşən İmam Əli (ə) məscidində bu gün səhər saat 08:30-da Ramazan bayramı münasibətilə izdihamlı şəkildə Fitr bayramı namazı qılınıb.

Məscidin axundu Hacı Hacıyevin imamlığı ilə qılınan bayram namazından əvvəl dualar oxunub və Ramazan bayramının əhəmiyyətinə dair xütbə söylənilib. Din xadimi bayramın mənəvi mahiyyətindən danışıb.

Saat 09:00-da isə Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən İmam Həsən (ə) məscidində Ramazan bayramı namazı qılınıb. Məscidin axundu Kərbəlayi Fuad İsayevin imamlığı ilə qılınan namazda kənd sakinləri ilə yanaşı ətraf kəndlərdən gələn müsəlmanlar da iştirak ediblər.

Məscidin axundu Ramazan bayramı münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib, dünyaya sülh və əmin-amanlıq arzulayıb.

Bayram namazından sonra ilahiyyatçı Hacı Qurban Murquzov Ramazan ayının başa çatması münasibətilə müsəlmanları təbrik edib və fitrə zəkatının əhəmiyyəti barədə danışıb.

Marneulidəki İmam Hüseyn məscidində isə saat 10:00-da Hacı Əziz Nəbiyevin imamlığında icra olunan Fitr bayramı namazından əvvəl xütbə söylənib, namazdan sonra dualar edilib.

Hər üç məsciddə namazdan sonra müsəlmanlar üçün şirniyyat süfrəsi təşkil olunub.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü ildən) qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allaha yaxınlaşmağı, səbirli və dözümlü olmağı, həmçinin vicdanlı və diqqətli davranmağı öyrədir. Bu mənəvi dəyərlər oruc vasitəsilə ifadə olunur.

Orucluq ənənəsi Məhəmməd Peyğəmbərin (s) dövründən başlayır və ilk dəfə Mədinədə Ramazan ayının keçirilməsi ilə geniş şəkildə tətbiq olunub. Məhz Ramazan ayının son on gecəsindən birində Qurani-Kərim nazil olmağa başlayıb.

Bu gecə “Leylətül-Qədr” – yəni qüdrətli və əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə buyurulur:

“Biz onu Qədr gecəsində nazil etdik. Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir iş üçün enərlər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır” (97:1–5).

Gürcüstanda Ramazan bayramı müsəlmanlar tərəfindən uzun illərdir qeyd olunur və bu ənənə ölkənin müxtəlif bölgələrində yaşayan müsəlman icmaları tərəfindən davam etdirilir.