ABŞ-ın Newsmax saytından Azərbaycanın beynəlxalq roluna dair analiz

ABŞ mərkəzli Newsmax internet saytı beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə ekspert, American SpectatorWashington Times və The American Conservative kimi nəşrlərdə məqalələri dərc olunan Robert Zapsuçninin Azərbaycanın beynəlxalq siyasətdəki rolu, eləcə də ABŞ və İsraillə strateji tərəfdaşlığını təhlil edən yazısını yayımlayıb.

Zapsuçni İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması məqsədilə başladılan İbrahim Razılaşmalarının zamanla Orta Asiyaya doğru genişləndiyinə diqqət çəkir. Müəllif ötən ilin noyabr ayında Qazaxıstanın bu razılaşmalara qoşulmaq niyyətini açıqladığını xatırladır.

Məqaləyə görə, Azərbaycanın İsrail və ABŞ ilə sıx əməkdaşlığı nəzərə alındıqda, ölkə razılaşmaların növbəti genişlənmə mərhələsi üçün məntiqli namizəd hesab olunur. Son illərdə Azərbaycan nefti İsrailin enerji tələbatının təxminən 40 faizini ödəyib, 2016–2020-ci illər dövründə isə İsrail Bakının ən böyük silah tədarükçüsü olub (69 faiz).

Yazıda həmçinin Orta Asiya ölkələrinin (C5) liderlərinin ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşə toxunulur. Azərbaycanın bu formata rəsmi şəkildə qoşulması ilə strukturun faktiki olaraq C6 formatına çevrildiyi, bunun isə Azərbaycanın “Orta Dəhliz”in əsas oyunçusu kimi əhəmiyyətini artırdığı qeyd olunur. Bu marşrutun Rusiya və İranı by-pass edərək Çin, Orta Asiya, Cənubi Qafqaz və Avropa arasında birbaşa ticarəti asanlaşdırdığı və Azərbaycanın mühüm logistika mərkəzinə çevrildiyi vurğulanır.

Zapsuçni Cənubi Qafqazda yaranan yeni imkanlara da işarə edərək, Ermənistan və Azərbaycan arasında gündəmdə olan nəqliyyat layihələrinin, sülh prosesinin davam etməsi halında, Amerika şirkətləri üçün yeni ticarət imkanları yarada biləcəyini bildirir.

Müəllif hesab edir ki, ABŞ Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə iqtisadi baxımdan rəqabət apara biləcək potensiala malikdir, lakin bunun üçün Vaşinqtonun regional siyasətini yeniləməsi zəruridir.

Bu kontekstdə o, 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəbul edilmiş “Azadlıqları Dəstəkləmə Aktı”nın 907-ci maddəsi başda olmaqla, Azərbaycana qarşı köhnə məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsinə çağırış edir. Zapsuçni 2020 və 2023-cü illərdə baş verən hadisələrdən sonra Bakının ərazi bütövlüyünü bərpa etdiyini xatırladır.

O, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi altında İrəvanın 1991-ci il Almatı Bəyannaməsində müəyyən edilmiş sərhədləri (uti possidetis juris prinsipi əsasında) tanıdığını və bunun sülh prosesini irəli apardığını qeyd edir.

Digər tərəfdən müəllif ABŞ-dakı erməni lobbiləri ANCA və AAA-nı 907-ci maddənin saxlanılmasında israr etdiklərinə görə tənqid edərək, bunun Ermənistanın uzunmüddətli maraqlarına xidmət etmədiyini və yekun həlli çətinləşdirdiyini bildirir.

Zapsuçni məqaləsini bu sözlərlə tamamlayır:
“Azərbaycandakı sabitlik ABŞ üçün həyati əhəmiyyət daşıyır; çünki bu, ticarət təhlükəsizliyini, enerji təchizatını və logistika xətlərini təmin edir.”

 

 

Azərbaycan Araşdırmaları Mərkəzi