İran prezidenti Məsud Pezeşkian bildirib ki, əgər qonşu ölkələrin ərazilərindən İrana qarşı zərbələr endirilməzsə, Tehran da həmin ölkələrə hücum etməyəcək. Bu barədə “Al Jazeera” və “Reuters” məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, bu qərarı ölkənin ali rəhbəri Əli Xameneinin ölümündən sonra İranı idarə edən müvəqqəti şura qəbul edib.
İran prezidenti son bir həftə ərzində baş vermiş hücumlara görə qonşu ölkələrdən üzr də istəyib.
“İranın hücumuna məruz qalmış qonşu ölkələrdən şəxsən üzr istəyirəm. Biz qonşu dövlətlərə hücum etmək niyyətində deyilik. Dəfələrlə demişəm ki, onlar bizim qardaşlarımızdır”, – Pezeşkian dövlət televiziyasına müsahibəsində bildirib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə başlayıb. Buna cavab olaraq Tehran İsraili və Vaşinqtonun müttəfiqi hesab etdiyi ölkələri hədəfə almağa başlayıb.
İranın pilotsuz uçuş aparatları və raketlərinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digər ölkələrə doğru yönəldiyi bildirilir. Tehran isə bəyan edir ki, bu zərbələrin hədəfi yalnız həmin ölkələrdə yerləşən ABŞ hərbi obyektləridir. Bununla belə, bəzi hallarda mülki obyektlərin də zərər gördüyü qeyd olunur.
Martın 5-də Azərbaycan da İran dronlarının ölkə ərazisinə düşdüyünü açıqlayıb. Xarici İşlər Nazirliyinin məlumatına görə, dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının ərazisinə, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Azərbaycan hakimiyyəti pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu “terror aktı” adlandırıb. İran isə Naxçıvan hava limanının zərbənin hədəfi olmadığını bəyan edib.
Biz qonşu dövlətlərə hücum etmək niyyətində deyilik