Din xadimindən müxalifət liderinin açıqlamasına kəskin reaksiya: "Marneulidə günlərlə qalıb dönər yediyini xatırla"

İlayiyyatçı Dr. Fariz Rəcəbov 7 mart tarixində Kvemo Kartlidən olan bir qrup inanclı şəxsin İranın Tbilisidəki səfirliyinə baş sağlığı verməsinə və orada İranın lehinə şüarlar səsləndirməsinə görə “Federalistlər” partiyasının lideri Qiqa Bokerianın tənqidlərinə münasibət bildirib.

 Dr. Rəcəbov müxalifət liderini ikili standartlarda günahlandırıb. O, Bokerianı Gürcüstan müsəlmanlarına qarşı əsassız ittihamlar səsləndirməkdə təqsirləndirib və qeyd edib ki, həmin insanlar əvvəllər onun özü tərəfindən partiyasının lehinə səs verməyə dəvət olunublar.

Rəcəbov həmçinin Bokerianı Gürcüstanda qarşıdurma və gərginlik yaradan fəaliyyətlərdə ittiham edib.

Dini xadimi əlavə edib ki, bir qrup gənc dini liderlərinin şəhid olması ilə əlaqədar baş sağlığı vermək üçün səfirliyə gedib və orada qarşılıqlı şüarlar səsləndirilib. O, bunun demokratik bir davranış olduğunu vurğulayıb və Bokeriana daha diqqətli olmağı tövsiyə edib:

"Keçmiş müxalifət lideri artıq bir neçə dəfədir ki, Gürcüstan müsəlmanlarına qarşı əsassız ittihamlar səsləndirir. Halbuki onun tənqid etdiyi həmin insanlar vaxtilə onun özü gəlib görüşdüyü, müsəlman icması ilə ünsiyyət qurduğu və partiyasının lehinə səs vermələrini xahiş etdiyi şəxslərdir. İndi isə həmin toplum birdən-birə radikal islamçılar oldumu? Günlərlə Marneulidə, onun kəndlərində və digər bölgələrdə qalıb dönər yediyini də xatırla.

İran hakimiyyəti haqqında danışmaq istəyirsənsə, əvvəlcə uşaq qatilləri və uşaqların ölümünə səbəb olan siyasətlər barədə danış. Əgər bu qədər narahatsansa, niyə bir dəfə də olsun Epşteyn məsələsinə toxunmadın? Niyə bir dəfə də olsun İranın Minab şəhərində yüzlərlə məktəbli qızın raket hücumu ilə öldürülməsinə reaksiya vermədin?

Qan tökən hakimiyyətləri hansı məqsədlə dəstəklədiyini anlayırsan, yoxsa “hakimiyyətdə biz olaq” şüarı ilə hər şeyi qəbul etmisən? Radikallıq və qarşıdurma yaratmaqdan danışmağa gəldikdə isə, Tbilisi küçələrində qarşıdurma yaratmaqla məşğul olanlardan biri də məhz sən olmusan. Yersiz şüarlarla Gürcüstan vətəndaşlarını dövlət çevrilişinə çağırmısan. Saysız-hesabsız partiya dəyişərək öz reytinqini dəfələrlə aşağı salmısan.

İndi isə gəlib Gürcüstanda, xüsusilə Kvemo Kartlidə və əsasən Marneulidə “radikal islamçılar var” kimi iddialar irəli sürürsən. Bu isə sadəcə onu göstərir ki, sən Marneulini yaxşı tanımırsan və buraya yalnız öz siyasi məqsədlərin üçün gəlmisən.

Qərb diplomatlarına gəldikdə isə, onlar nökər axtarırlar və bu da sənin öz seçimindir.

Sonda qeyd edim ki, bəzi gənclər dini liderlərinin şəhid olması ilə əlaqədar başsağlığı vermək üçün İranın Gürcüstandakı səfirliyinə gediblər. Oradan çıxarkən bir qrup iranlı şəxs tərəfindən dini liderlərinə qarşı təhqiredici şüarlar eşidiblər və buna cavab olaraq onlar da öz şüarlarını səsləndiriblər. Səncə bu demokratik bir davranış deyilmi? Yoxsa indiyə qədər danışdığın demokratiya sadəcə nökərlik idi?

Siz hər şeyi yaxşı bilirsiniz, sadəcə özünüzü bilməzliyə vuraraq xaos yaratmağa çalışırsınız. Sizin qatarınız artıq çoxdan gedib. Məsləhətimiz odur ki, bir daha bəyanat verərkən diqqətli ol".

Xatırladaq ki, 7 mart tarixində Kvemo Kartlidən olan bir qrup inanclı şəxs İranın Tbilisidəki səfirliyinə baş sağlığı vermək üçün gedib və orada İranın lehinə şüarlar səsləndirib. Bununla bağlı “Federalistlər” partiyasının lideri Qiqa Bokeria öz sosial media hesabında tənqidi fikirlərini paylaşaraq həmin şəxsləri terrorçu qrupları və islamçı rejimi dəstəkləməkdə ittiham edib.

 

 

24newsge