ABŞ cinayətinə haqlılıq donu “Faciəyə ABŞ kəşfiyyatın köhnəlmiş məlumatları səbəb olub”

Müharibənin ilk günündə İranın Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən və 160-dan artıq uşağın ölümü ilə nəticələnən zərbənin arxasında ABŞ hərbçilərinin dayandığı ehtimal edilir. “CBS News” telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, faciəyə kəşfiyyatın köhnəlmiş məlumatları səbəb olub.

İlkin qiymətləndirmələrə görə, Amerika ordusu məktəbi qəsdən hədəf almayıb. Hadisənin kəşfiyyat məlumatlarındakı yanlışlıq ucbatından baş verdiyi bildirilir. Belə ki, həmin məlumatlarda məktəbin yerləşdiyi ərazi səhvən İranın hərbi bazasının bir hissəsi kimi göstərilib.

Mənbələr həmçinin qeyd edir ki, İsrail ordusunun həmin bölgədə hərbi əməliyyat keçirməməsi onun bu hadisədə məsuliyyət daşımadığını sübut edir. Ağ Ev isə rəsmi olaraq bildirib ki, araşdırmalar hələ davam edir və yekun nəticə çıxarmaq hələ tezdir.

Minabdakı qızlar məktəbi fevralın 28-də - ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı ilk gündə atəşə tutulub. Hücum nəticəsində əksəriyyəti uşaqlar olmaqla, 160-dan çox insan həlak olub.

Hadisə ilə bağlı maraqlı məqamlardan biri də Donald Trampın mövqeyidir. Tramp hücumla bağlı şərhində “bunu iranlılar edib” deyərək Tehranı günahlandırmışdı. Lakin Amerika mediası artıq bir neçə gündür ki, hərbi mənbələrə istinadən zərbənin məhz ABŞ-nin endirdiyini yazır.

Qeyd edilən fikirlərin hər gün peyk vasitəsi ilə neçə neçə yeni məlumatları tam dəqiqliyi ilə müəyyən edən Amerikanın cinayətini ört-basdır etməkdən başqa bir adı yoxdur. Qərb öncədən inkar etdiyi bu qətliamı Epşteyn cinayətini törədən şəxslərin həqiqətən də kimliyinin aydın bir tablosudur.