Dövlət Statistika Komitəsi 2025-ci ilin sosial-iqtisadi yekunlarına dair ilkin məlumatları açıqlayıb.
Hesabata görə, əvvəlki illə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) cəmi 1,4 faiz, onun adambaşına düşən məbləği isə cəmi 1 faiz artıb. İqtisadi artım tempinin sürəti 2024-cü illə müqayisədə təxminən dörd dəfə aşağı düşüb.
Müstəqil iqtisadçılar hesab edirlər ki, bəzi primitiv iddiaların əksinə olaraq, Azərbaycan kimi zəif iqtisadi inkişafa malik ölkələrdə aşağı, resessiyaya yaxın böyümə göstəriciləri iqtisadiyyatı “orta gəlir tələsi”ndən çıxarmağa imkan vermir.
Ekspertlər “orta gəlir tələsi”ni belə izah edirlər: ilkin mərhələdə çox zəif inkişaf etmiş, yoxsul olan hər hansı ölkə müəyyən zaman intervalında (məsələn, 10–15 il ərzində) ya ucuz işçi qüvvəsi, ya da bol təbii resurslar hesabına sürətli iqtisadi artıma nail olur. Lakin müəyyən orta gəlir səviyyəsinə çatdıqdan sonra bu həddi aşa bilmir və həmin göstəricidə ilişib qalır. Dünya Bankının təsnifatına görə, adambaşına düşən ÜDM-i 12 min dollara qədər olan ölkələr “orta gəlirli ölkələr” qrupuna daxildir. Bu baxımdan, adambaşına 40-60 min dollar ÜDM-i olan inkişaf etmiş ölkələr üçün 2-3 faizlik artım belə kifayət edir.
Azərbaycan isə son 14 ildə adambaşına 7-8 min dollar ÜDM səviyyəsindən uzaqlaşa bilməyib. Hətta 2013-cü ildə bu göstərici 8 min dollar olduğu halda, 2025-ci ildə 7,3 min dollara enib. Belə şəraitdə 1 faizlik iqtisadi artım ölkədə ciddi struktur və institusional problemlərin mövcudluğunu göstərir.
Ucuz işçi qüvvəsinin və bol təbii resursların iqtisadi artımı təmin etmək potensialı tükəndikdən sonra sürətli böyüməni yalnız yüksək ixtisaslı əmək resursları və mürəkkəb texnologiyalar təmin edə bilər.
Azərbaycanın son 20 ildə işçi qüvvəsinin strukturunu nə dərəcədə dəyişə bilməsi ilə bağlı ekspertlər bir fakta diqqət çəkirlər: ötən dövrdə əmək bazarına daxil olan hər dörd nəfərdən üçü heç bir ixtisasa malik olmadan, yalnız orta təhsil haqqında attestatla iş axtarır.
Rəsmi sənədlərdə ixtisaslı sayılan hər dörd nəfərdən birinin isə əmək bazarının real tələblərinə nə dərəcədə cavab verməsi ayrıca müzakirə mövzusudur. Məsələn, texniki peşə və ali təhsil müəssisələrini bitirən gənclərin xeyli hissəsi illərlə ya iş tapa bilmir, ya da ixtisasını dəyişməyə məcbur qalır. Nəzəri araşdırmalarda da vurğulanır ki, əgər ölkə uzun müddət “orta gəlir tələsi”ndə qalırsa, bu, keyfiyyətli işçi qüvvəsinin, innovasiyaların və yüksək texnologiyaların çatışmazlığından, iqtisadi strukturun köhnəlməsindən xəbər verir.
2025-ci ildə ən zəif artım aqrar sektorda qeydə alınıb - cəmi 0,9 faiz. Bu göstərici əvvəlki ilin zəif hesab edilən nəticəsindən (1,5 faiz) də təxminən iki dəfə aşağıdır. Kənd təsərrüfatı inkişafdan qaldıqca ölkənin qida idxalı sürətlə artır. 2024-cü illə müqayisədə yeyinti məhsullarının idxalının təxminən 7 faiz artaraq 2,5 milyard dolları ötması da bunu təsdiqləyir. Nəzərə alsaq ki, Azərbaycanın əyalətlərinin böyük hissəsində iqtisadiyyatın və məşğulluğun yarıdan çoxu aqrar sektorun payına düşür, kənd təsərrüfatındakı geriləmə eyni zamanda regionların inkişafdan qalması deməkdir.
Uzun illər Azərbaycan iqtisadiyyatının əsas mühərriki olan tikinti sektorunda 0,4 faizlik geriləmə qeydə alınıb. Halbuki bu sektor 2024-cü ildə 9,6 faiz böyümüşdü. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığı bir dövrdə tikinti sektorunda geriləmənin başlaması yaxın perspektiv üçün iqtisadiyyat baxımından neqativ siqnaldır.
Digər sahələrdən fərqli olaraq, emal sənayesində 7,9 faizlik yüksək artım diqqət çəkir. Bu göstərici əvvəlki ilin nəticəsindən (2,2 faiz) xeyli yüksəkdir. Ekspertlərin fikrincə, burada iki mühüm məqam nəzərə alınmalıdır.
Birincisi, emal sənayesinin ölkə iqtisadiyyatındakı payı çox kiçikdir və cəmi 6 faizə yaxınlaşır. Yəni, hətta 10 faizlik artımın belə ÜDM-ə təsiri 1 faiz bəndindən az olur. İkincisi isə emal sənayesinin təxminən yarısının neft və neft-kimya məhsullarından ibarət olmasıdır.
2025-ci ilin göstəriciləri emal sənayesindəki artımın məhz bu sahələrin hesabına baş verdiyini göstərir. Məsələn, neft məhsullarının istehsalı 13,7 faiz, plastik məmulatların istehsalı 16 faiz, kimya məhsullarının istehsalı isə 5 faiz artdığı halda, geyim istehsalı 15 faiz, dəri emalı məhsulları 16 faiz, metal məmulatları 17 faiz, tikinti materiallarının istehsalı isə 4 faiz azalıb.
Bir sıra emal sahələrində istehsalın azalması qeyri-neft ixracının həcminə də təsir göstərib. Belə ki, 2025-ci ildə (11 ayın nəticələrinə görə) qeyri-neft ixracının real həcmi 18 faiz azalıb. Yalnız dünya bazarlarında geosiyasi gərginliklər fonunda yaranan yüksək qiymət konjonkturası ixracın dəyərindəki artım hesabına bu azalmanı qismən kompensasiya edib.
Əhalinin rifahı baxımından da 2025-ci il uğurlu hesab edilmir. Ev təsərrüfatlarının nominal gəlirləri cəmi 7,6 faiz artdığı halda, qida inflyasiyası 7,1 faizə çatıb. Bu isə o deməkdir ki, gəliri əsasən ərzaq xərclərinə gedən aşağıgəlirli ev təsərrüfatlarının aylıq qazancı faktiki olaraq inflyasiya tərəfindən “udulub”. Ayrı bir məsələdir ki, rəsmi statistika tez-tez əhalinin gəlirlərini kağız üzərində şişirtməyə, inflyasiya göstəricilərini isə daha aşağı göstərməyə meyllidir.
“Orta gəlir tələsi”nə düşən Azərbaycan: 2025-ci ildə iqtisadi artım tempi 4 dəfəyə yaxın zəifləyib