İmam Muhəmməd Baqirin (ə) mövludu – Elm, hikmət və haqq yolunun bayramı

Bu gün İslam ümmətinin böyük fəxri, Əhli-beyt məktəbinin parlaq simalarından biri olan İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür. Bu mübarək gün münasibətilə MBH olaraq bütün mömin və müsəlmanları, haqq və ədalət yolunun yolçularını səmimi-qəlbdən təbrik edirik.

İmam Muhəmməd Baqir (ə) hicri 57-ci ildə Mədinədə dünyaya göz açmışdır. O Həzrət həm ata, həm də ana tərəfdən Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) nəslinə mənsub olan yeganə imamdır. “Baqir” ləqəbi “elmi yarıb dərinliklərinə nüfuz edən” mənasını daşıyır ki, bu da onun elm və mərifətdə tutduğu ali məqamı açıq şəkildə ifadə edir.

İmam Baqir (ə) İslam elmlərinin sistemləşdirilməsi, fiqh, təfsir, əqidə və əxlaq sahələrində Əhli-beyt irsinin qorunub gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır. Onun məktəbi sonradan İmam Cəfər Sadiqin (ə) dövründə daha da genişlənərək minlərlə tələbənin yetişdiyi böyük elmi mərkəzə çevrilmişdir.

Zülm və istibdadın hökm sürdüyü bir dövrdə yaşayan İmam Baqir (ə) açıq silahlı mübarizə aparmaq imkanı olmasa da, elm və maarif yolu ilə zalım sistemin mahiyyətini ifşa etmiş, cəmiyyətin düşüncə əsaslarını möhkəmləndirmişdir. O Həzrət buyururdu ki, elm insanın bəsirətini açır və onu haqq ilə batili ayırd etməyə qadir edir.

İmam Muhəmməd Baqirin (ə) həyat yolu bizə göstərir ki, həqiqi dəyişiklik yalnız maariflə, düzgün düşüncə ilə və İlahi dəyərlərə sadiqliklə mümkündür. Onun mirası bu gün də müsəlmanlar üçün yol göstərən bir çıraq, zülmət dövrlərdə ümid mənbəyidir.

Bu mübarək mövlud günündə Uca Allahdan diləyirik ki, bizləri İmam Baqirin (ə) elm, hikmət və ədalət yolunun davamçıları qərar versin, cəmiyyətlərimizdə haqqın və mənəviyyatın bərqərar olmasına yardımçı etsin.

Mövludunuz mübarək olsun!