Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
O, bu barədə sosial media hesabında məlumat yayıb.
C.Həsənli bildirib ki, dekabrın 15-i saat 15.00 üçün DTX-yə çağırılıb. O, bunun "Musavat. com" saytında baş nazirin sabiq müavini Abbas Abbasov və Milli Şura haqqında gedən yazı ilə əlaqəli ola biləcəyini ehtimal edib.
Hökumətyönlü mətbuat dekabrın 16-da A.Abbasovun sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində axtarışa verildiyini yazıb.
Noyabrın 28-də "Musavat. com" saytı "Abbas Abbasovun Milli Şurası hələ də işləyir" başlıqlı məqalə dərc edib. Yazıda Milli Şuranın 2013-cü ildə A.Abbasov və R.Mehdiyevin diqtəsi ilə hakimiyyəti ələ keçirmək üçün yaradıldığı iddia olunur.
C.Həsənli daha öncə bu və digər ittihamları rədd edib, "Musavat. com"u isə hökumətin əlaltı mediası adlandırıb.
Milli Şura sədri artıq bir dəfə - noyabrın 30-da DTX-də "Ramiz Mehdiyev işi" üzrə 3 saatdan artıq dindirilib.
"Ramiz Mehdiyev işi" üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Ali Məclisinin katibi Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb və Azərbaycana deportasiyasına qərar verilib.
Onlar da ittihamları rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb