Qaradağ İcra Hakimiyyətində həbslər olub

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.
Ölkənin yerli saytlarının noyabrın 2-də yaydıqları məlumatlara görə, Qaradağ rayon icra başçısının müavini Nadir Muradov və daha bir neçə şəxs saxlanıb, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs olunublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verildiyi deyilir.
İttihamlara həmin şəxslərin münasibəti bəlli deyil. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.