Ağ ev: ABŞ Kiyevə bəzi silah tədarükünü dayandırıb

CBS telekanalı məlumat yayıb ki, ABŞ müəyyən silah növlərinin Ukraynaya tədarükünü dayandırır.

CBS-nin sitat gətirdiyi Ağ ev sözçüsünün bəyanatında deyilir ki, "ölkəmizin digər ölkələrə göstərdiyi hərbi yardımla bağlı Müdafiə Nazirliyi tərəfindən aparılan qiymətləndirmədən sonra Amerikanın maraqlarını ön plana çəkmək qərarı verilib". ABŞ administrasiyasındakı mənbələrdən biri telekanala bildirib ki, bu qərarın qəbul edilməsi ABŞ-nin silah arsenalının azalacağı ilə bağlı narahatlıqlarla əlaqədardır.

Söhbətin hansı silah növlərindən getdiyi rəsmi olaraq açıqlanmır. "NBCNews"un Pentaqon və Konqresdəki mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya raketlər və sursatlardan ibarət partiyanın göndərilməsini dayandırmaq barədə göstəriş verib. Bu silahlar arasında "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər, haubitsalar üçün mərmilər, "Hellfire" raketləri və "hava-hava" tipli raketlər var.

Bu silahlar keçmiş Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya yardım paketinin tərkibində ayrılmışdı. Silah tədarükündəki fasilə ABŞ-nin silah arsenalının vəziyyətinə dair bir neçə həftə əvvəl başlanan qiymətləndirmə başa çatanadək davam edəcək. ABŞ-nin silah ehtiyatları Ukraynaya göndərilən yardımlar, Yaxın Şərqdə Ənsarullaha qarşı əməliyyatlar, həmçinin İranın İsrailə və ABŞ-nin digər müttəfiqlərinə qarşı hava hücumlarının dəf edilməsi nəticəsində azalıb.

Son aylarda isə Rusiyanın Ukrayna şəhərlərinə hava hücumlarını intensivləşdirməsi fonunda Kiyev Qərb müttəfiqlərinə hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması ilə bağlı müraciətlər edir. Ötən həftə Haaqada keçirilən NATO sammitinin yekun mətbuat konfransı zamanı prezident Donald Tramp bəyan edib ki, ABŞ Ukraynaya əlavə "Patriot" sistemlərinin verilməsi imkanını nəzərdən keçirə bilər. O, həmçinin əlavə edib ki, bu sistemlər İsrailə də göndərilir, onları "əldə etmək asan deyil" və həmin sistemlərə ABŞ-nin özünün də ehtiyacı var.