Gürcüstan həbsxanasında aclıq edən azərbaycanlı jurnalistin səhhəti pisləşib

Yüksək ictimai marağa əsaslanaraq, “Gürcüstanın Hüquqları” (Rights Georgia) təşkilatı ictimaiyyətin diqqətinə çatdırır ki, aclıq aksiyası ilə əlaqədar istintaq təcridxanasında olan azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti xeyli pisləşib.

Bu barədə “Gürcüstanın Hüquqları” təşkilatı məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 2-də və 3-də Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində “Gürcüstanın Hüquqları”nın vəkilləri Əfqan Sadıqovla görüşüb.

“Vəkillər bildirir ki, Sadıqovun səhhətinin pisləşməsi nəzərə çarpır, onun hərəkət etməsi, danışması və diqqətini cəmləməsi çətinləşib. Artıq “Gürcüstanın Hüquqları” Əfqan Sadıqovinin səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib. Əfqan Sadıqovun səhhətinin vəziyyəti ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) məlumat verilib”, məlumatda qeyd edilir.

Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib. Sadıqovun özünün də bu barədə məlumatı olmayıb.

“Gürcüstanın Hüquqları” təşkilatı iyulun 18-dən azərbaycanlı jurnalistin işinə qarışıb.

“Prokurorluğun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib. Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib”, təşkilat qeyd edir.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib. Avqustun 8-də “Gürcüstanın Hüquqları”nın vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

“Hesab edirik ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır”, təşkilat bildirir.

Xatırladaq ki, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

 

Amerikanın Səsi