İraq Kürd Regional Rəhbərliyi neft gəlirlərini Bağdada verməyə başladı

 İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani İraq Kürd Regional Rəhbərliyinin (KRG) mərkəzi hökumətə gündəlik 55 min barel neft gəliri təhvil verməyə başladığını və KRG-nin qeyri-neft gəlirlərini Bağdada çatdıracağını bildirib.

Sudani həftəlik Nazirlər Şurasının iclasından sonra mətbuat konfransı təşkil edərək jurnalistlərin suallarını cavablandırıb.

İraqın şimalından neft ixracatının dayandığını qeyd edən Sudani, "Cihan Boru Kəməri ilə neft ixracı dayandırıldı. Biz KRG-nin bu aylıq büdcəsini göndərdik. KRG 55 min barel neft gəlirini mərkəzə çatdırmağa başladı. Hökumət hər gün Maliyyə Nazirliyi xətti ilə qeyri-neft gəlirlərini mərkəzi bank hesabına yatıracaq”. Bağdad və Ərbil arasında “neft və qeyri-neft gəlirlərinin mərkəzi hökumətə çatdırılması” ilə bağlı razılaşmanı xatırladan Sudani hər iki tərəfin razılaşmaya əməl etməkdə qərarlı olduğunu bildirib.

İraqın baş naziri Sudani havada hərarətin yüksəlməsi ilə ölkədə elektrik enerjisinin kəsilməsinə də toxunaraq, İrandan xam neft qarşılığında təbii qaz aldıqlarına və ABŞ-ın bu mövzuda mövqeyinin mənfi olmadığına diqqət çəkib.