SOCAR-ın idarəsi qeyri-neft sektoru üzrə ixracda lider olub

Bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
 
Bu barədə "Report.az" xəbər verir.
 
Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 192 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 13 mln. dollar yaxud 7% çox olub.
 
Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları) Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.
 
Məlumata görə, 2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
 
Bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi, "Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Sun Food" MMC, "Food Export Şəmkir" MMC. Cari ilin iyun ayında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu siyahıda liderliyi ələ alıb.
 
Qeyri-dövlət ixracatçı subyektlərindən fərqli olaraq dövlətə məxsus şirkətlərin siyahısı əvvəlki ayda olduğu kimi dəyişməz olaraq qalıb. Bu siyahıya ənənəvi olaraq ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.