İki vəkilin fəaliyyəti bərpa edildi

Nemət Kərimlinin və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət başa çatıb. Aprelin 24-də hər iki vəkilin vəkillik fəaliyyəti ilə məşğul olmaq haqqı bərpa edilib.
 
Nemət Kərimli ToplumTv-yə bildirib ki, ona qarşı qoyulmuş məhdudiyyətlə bağlı məhkəməyə müraciət edib: "Hələ keçən il aprelin 23-də mənim vəkillik fəaliyyətimə məhdudiyyət qoyulduğunda da demişdim ki, əsassız olaraq mənim vəkillik fəaliyyətimə məhdudiyyət qoyulub. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə mənim şikayətimi təmin etmədi. Mən də məsələni Avropa İnsan Haqları Məhkəməsinə daşıdım. İş hazırda Avropa Məhkəməsinin icraatındadır”.
 
Nemət Kərimli bildirir ki, ona rəsmi vəkil kimi məhdudiyyət qoyulsa da, ötən bir ildə yarım qalmış işlərini bitirməyə çalışıb.
 
"Bir il  ərzində bir az istirahət etmişəm və yarım qalan işlərimi bitirməyə çalışmışam. Hansı ki, Avropa İnsan Haqları Məhkəməsinə tələblər hazırlamışam, müəyyən siyasi fəaliyyətində hüquqi yardıma ehtiyacı olanlara kömək etmişəm”.
 
Vəkil həmçinin bundan sonra fəalliyətinə əvvəlki qaydada davam etdirəcəyini bildirdi.
 
2017-ci ildə Baş prokurorun birinci müavini Rüstəm Usubov 4 vəkili "İstintaq sirrini pozduğuna” görə  barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib. Rüstəm Usubov vəkil Nemək Kərimlini jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə ittiham edirdi. Eyni ittiham vəkil Əsabəli Mustafayevə də qarşı irəli sürülmüşdü. O isə AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirməkdə ittiham edilirdi.
 
Toplum.Tv