Netanyahunun partiyası Mamdanini seçki reklam lövhəsində Türkiyə, İran və Hizbullah liderləri ilə müqayisə edib

Binyamin Netanyahunun partiyası Nyu-York şəhərinin meri Zohran Mamdanini seçki reklam lövhəsində Türkiyə, İran və Hizbullah liderləri ilə müqayisə edib.

Təl-Əvivin mərkəzində yerləşdirilən reklam lövhəsində Mamdani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın ali rəhbəri Ayətullah Müctaba Xamenei və Hizbzllahın rəhbəri Naim Qasim ilə yanaşı təsvir olunub.

Netanyahunun sağçı “Likud” partiyasının loqosunun yer aldığı posterdə belə yazılıb: “Onlar Netanyahunun uduzmasını istəyirlər… Qoymayın qalib gəlsinlər.”

İsrail parlamenti iyul ayında buraxıldıqdan sonra Netanyahu ifrat sağçı koalisiyasını hakimiyyətdə saxlamaq üçün seçki kampaniyasına başlayıb. Oktyabrda keçiriləcək seçkilər 7 oktyabr 2023-cü ildə HƏMAS-ın rəhbərlik etdiyi hücumlardan sonra ölkədə keçirilən ilk seçkilər olacaq.

Mamdani mer seçkiləri kampaniyasının başlanğıcından bəri İsrailin Qəzzadakı müharibəsini sərt tənqid edib. Lakin onun Netanyahu ilə söz savaşı ötən ay daha da kəskinləşib. Mamdani İsrail baş nazirini “müharibə cinayətkarı” adlandıraraq onun “Haaqada olmalı olduğunu” deyib.

İki siyasətçi arasındakı qarşıdurma ABŞ və İsrail arasında Qəzzada atəşkəs razılaşması ilə bağlı danışıqların dalana dirəndiyi vaxta təsadüf edir. Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Jared Kushner bazar ertəsi Netanyahu ilə üç saatlıq görüş keçirib, lakin heç bir irəliləyiş əldə olunmayıb. İsrail HƏMAS əvvəlcə silahı yerə qoymağa razılaşmayana qədər qoşunlarını Qəzza zolağından çıxarmaqdan imtina edir.