Kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək

Türkiyə prezidenti Ərdoğan İsraillə mümkün müharibə ilə bağlı suala cavab verib. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

"Söhbət müharibədən deyil, sülhdən gedir. Amma kimsə sülh üçün yox, müharibə naminə Türkiyəyə hücum etməyi planlaşdırırsa, Türkiyə bundan çəkinməyəcək. Mən bunu tam məsuliyyətlə deyirəm”, - Prezident vurğulayıb.

Qeyd edək ki, İsrail və Türkiyə arasındakı gərginlik liderlərin kəskin açıqlamalarında aydın görünür. Baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı Türkiyəyə F-35-lərin verilməsi fikrindən daşındırmaq cəhdi, əlaqələri qopma nöqtəsinə gətirib. İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Netanyahunun seçki kampaniyasında Ərdoğanı İsrailin təhlükəsizliyinə təhdid kimi təqdim etməsi Türkiyə mətbuatının kəskin etirazı ilə qarşılanıb.

Hakim “Likud” partiyası Tel-Əvivdəki reklam lövhələrində Ərdoğanın fotolarını, İranın ali lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-Yorkun meri Zöhran Mamdani ilə birgə “düşmən” obrazında göstərib. Fotoların yer aldığı plakatların üzərində, “Bunlar Netanyahunun məğlub olmasını istəyirlər”, “Onların qalib gəlməsinə imkan verməyin” şüarları yazılıb. Gərginləşən münasibətlər fonunda, prezident Ərdoğanın verdiyi açıqlama diqqət mərkəzinə çevrilib.

Türkiyə lideri vurğulayıb ki, kimsə Türkiyəyə hücum etmək niyyətinə düşərsə, tərəddüd etmədən müharibəyə qoşulacaqlar. “Məkkə Sazişi”nə diqqət çəkən Ərdoğan, “Əgər hər hansı hücum baş verərsə, ittifaqa daxil olan 3 dövlət birgə zəruri addımlar atacaq” ifadəsi ilə sanki İsrailə göz dağı verib.

Bəs bu bəyanatlar seçki ərəfəsində müharibəyə səbəb ola bilərmi, yoxsa söz davasıdır? Nəzəri müharibədə “Məkkə sazişi” işə düşərsə, regionda qlobal savaş başlanması riski var və bu şəraitdə Bakının mövqeyi necə olacaq?