Məqsəd Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq və dini təhsilin keyfiyyətini qaldırmaqdır

“Xaricdə dini təhsil alan şəxslərin böyük bir qismi məhz xaricdəki dini qrupların təsir dairəsinə düşüb. Təbii ki, bu fikri xaricdə dini təhsil almış hər kəsə aid etmək olmaz. Odur ki, əsas məqsədlərimizdən biri Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq və dini təhsilin keyfiyyətini qaldırmaqdır. Eyni zamanda, dini təhsilin bütün pillələrini ödənişsiz həyata keçirməkdir. Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin yaradılmasının əsas məqsədlərindən biri məhz budur. Düşünürük ki, dini ali və ya orta ixtisas təhsil almaq üçün əvvəllər xaricə üz tuturdularsa, indi ali təhsil almaq istəyənlərin Azərbaycan İlahiyyat İnstitutuna, orta ixtisas dini təhsili almaq istəyənlərin isə Bakı İlahiyyat Kollecinə müraciət etmələrini tövsiyə edirik. Bu ölkədəki dini durumun sabitləşməsi, şəffaflaşması, eyni zamanda, bu sahədəki milli kadrların hazırlanması baxımından da önəmli bir qərardır. O ki qaldı dünyada gedən dini proseslərdən kənar qalmağa, bu tamamilə yanlış fikirdir. Bu gün sürətli qloballaşma prosesi gedir, ümumiyyətlə dünyadan təcrid olmaq, o cümlədən dünyada gedən dini proseslərdən təcrid olmaq fikri ilə razılaşmaq olmaz. Müasir informasiya texnologiyaları imkan verir ki, hər sahədə olduğu kimi, din sahəsində də dünyada və regionda gedən prosesləri yaxından izləyə bilək.” - deyə Mübariz Qurbanlı bildirib.