Əli Kərimli: "Bütün siyasi məhbuslara azadlıq tələb edirik”

Yanvarın 9-da AXCP sədri Əli Kərimli Tofiq Yaqublunun ailəsinə baş çəkib. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, aclıq edənlərn əsas tələbi Tofiq Yaqublunun həbsdən azad edilməsidir.

“Bu Tofiq bəylə həmrəylik aksiyasıdır. Aclıq aksiyasına qoşulmaq istəyənlər çoxdur. Yer problemi var. Yer problemi həll olunduqca aksiyaya qoşulanların sayı təbii ki artacaq. Biz hamımız hesab edirik ki, Tofiq bəyin tələbləri tam hüquqidir, Azərbaycan xalqının maraqlarına uyğundur. Azərbaycan hakimiyyəti xalqa izahat verməlidir ki, nəyə görə müvəqqəti saxlanan şəxslərə belə ağır rejim qaydaları tətbiq olunur. Binəqədi müvəqqəti saxlama məntəqəsində olmuş ictimai-siyasi fəalların hamısı deyir ki, orada elə ağır rejim qaydaları tətbiq edilir ki, buradakı bir aylıq inzibati həbs cəzaçəkmə müəssisələrindəki 5-6 aylıq həbsə bərabərdir. Adamların normal qidalanmasına, evləri ilə telefonla danışmasına, görüş keçirməsinə imkan verilmir. Özləri normal yemək vermirlər, insanların ailələrinin də qida, azuqə gətirməsinə imkan verilmir. Hətta yalnız bir dəst paltar götürürlər. Bu qəddar münasibət nə ilə bağlıdır?. Tofiq bəy aclıq aksiyasına başalayana qədər ona ailəsi ilə görüş vermirdilər, azuqə götümürdülər. Tofiq bəy faktiki dekabrın 23-də saxlanılandan yanvarın 5-də aclıq edənə qədər yalnız peçenye yeyib və su içib. Son 5 gündə isə yalnlız su qəbul edir. Ona görə də orqanizmi çox zəifləyib. Həyat yoldaşı Maya xanım deyir ki, Tofiq bəy sanki 17-18 gündür aclıq edir. Bədəni o dərəcədə halsızdır, durmu o qədər pisləşib ki, onun həyatı üçün çox narahatıq”.

AXCP sədri deyib ki, bu gün Milli Şura da bəyanatla çıxış edib.

“Bizim beynəlxalq təşkilatlardan da istəyimiz budur ki, ölkənin demokratik qvvələrinin ən tanınmış nümayəndəsi, tanınmış siyasi xadim Tofiq bəyin rejimin hikkəsi, qərəzi və qəzəbi ilə faktiki fiziki məhvinə biganə qalmasınlar. Həm Azərbaycan cəmiyyəti, həm də dünya birliyi bu ədalətsizliyə etiraz etməldir,” o qeyd edib. Əli Kərimli bildirib ki, müvəqqəti saxlama məntəqəsində rejim qaydalarının qanunauyğun insani hala gətirilməsi və Tofiq bəy də daxil olmaqla bütün siyasi məhbusların azad edilməsi hamının tələbidir. “Yeri gəlmişkən bu gün məlum oldu ki, Bəxtiyar Hacıyev də növbəti dəfə aclıq aksiyasına qoşulub. Tofiq bəyə, Bəxtiyar Hacıyevə və siyasi məhbusların hamısına azadlıq tələb edirik,” o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir. Onun sözlərinə görə saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır. “Həmin normativ çərçivəsində saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar verilir. Məntəqədəki qidaların keyfiyyəti, ümumiyyətlə, keyfiyyətsiz ərzaq məhsullarının saxlanılan şəxslərə verilməsilə bağlı iddialar tam əsassızdır. İndiyə kimi orada saxlanılan şəxslərin sağlamlığında hər hansı xoşagəlməz hal müşahidə edilməyib” o qeyd edib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.