Əli İnsanov: Ailə üzvlərimin ölkəni tərk etmək fikri yoxdur

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov bəzi KİV-lərdə onun ailə üzvlərinin ölkəni tərk etməsi barədə yayılan məlumatları təkzib edib.

"Son zamanlar bəzi mətbuat orqanlarında bir neçə dəfə Əli İnsanovun ailə üzvlərinin xaricə getməsi və Almaniyada yaşaması barədə yanlış fikirlər səsləndirilir. Əslində isə Əli İnsanovun həbsindən dərhal sonra onun ailə üzvlərinin ölkədən xaricə çıxışına rəsmi orqanlar tərəfindən qadağa qoyulub. Əli İnsanovun bütün ailə üzvləri Bakı şəhərində yaşayır və ölkəni tərk etmək fikirləri yoxdur". Bu barədə vəkil Toğrul Babayev Əli İnsanova istinadən bildirib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona qarşı yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə ittiham olunan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" kimi tanıyıb.

Keçmiş nazir bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.

Əli İnsanov ittihamları qəbul etmir. Hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

toplum.tv