Komitə sədri: ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsinə münasibət bildirib.

Komitə sədri Mübariz Qurbanlı açıqlamasında: “Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər müzakirə edilib. Beynəlxalq Din Azadlığı Komissiyası 2023-cü ildə ölkəmizlə bağlı dekabrda geniş xüsusi hesabat yayıb. Hesabatdakı bütün məsələlər tərəfimizdən geniş şəkildə təhlil olunub. Həmin Komissiyaya məktub göndərərək hesabatda qaldırılan məsələlərin doğru olmadığını və qərəzliliyini maddə-maddə onların diqqətinə çatdırıb etirazımızı ifadə etmişik. ABŞ-nin Dövlət Departamentinin mətbuatda yayılan bəyanatında Azərbaycanın “xüsusi izləmə siyahısı”na daxil edilməsi də həmin Komissiyanın hazırladığı sənədə istinad edir. Dediyim kimi, həmin Komissiyanın sənədinin də tamamilə böhtan olduğu tərəfimizdən bildirilib. Azərbaycanı “izləmə siyahısı”na daxil etmək ifadəsi özü yanlış və gülüncdür. ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil” deyə bildirib.