İsrailin müdafiə naziri: “Hizbullah”la böhranın diplomatik həllinə hazırıq

İsrailin müdafiə naziri Yoav Qalant ABŞ Prezidentinin enerji məsələləri üzrə müşaviri Amos Hokşteyn ilə söhbətində Livanla sərhəddəki böhranı diplomatik üsullarla həll etməyə hazır olduğunu bildirib.

Bu barədə “The Times of Israel” yazıb.

"Biz böhranı diplomatik üsullarla həll etməyə hazırıq. Bununla belə, başqa ssenarilərə də hazırıq", - Qalant bildirib.

Hokşteynlə görüş Təl-Əvivdə baş tutub.

Öz növbəsində İsrail televiziyası bildirib ki, Hokşteyn “Hizbullah”ın qüvvələrini İsraillə sərhəddən çıxara biləcəyinin mümkün diplomatik həlli barədə siqnallar verib.

Oktyabrın 7-də Həmasın İsrailə hücumundan sonra “Hizbullah” Qəzzadan olan fələstinlilərlə həmrəylik ifadə etmək üçün mütəmadi olaraq İsrail ərazisini atəşə tutub. Bununla belə, Livan qrupu genişmiqyaslı döyüşlərdən yayınıb. İsrail də öz növbəsində “Hizbullah”ın hücumlarına cavab verib, lakin indiyədək gərgin döyüşlərdən çəkinərək diqqətini Livanla sərhəddə deyil, Qəzzada gedən döyüşlərdə cəmləyib.

 

Report.az