İsrail BMT məhkəməsində soyqırımı ittihamları ilə üzləşir

Yanvarın 11-də İsrail BMT ali məhkəməsində özünü Qəzzada soyqırımı ittihamlarına qarşı müdafiə etməyə hazırlaşır. Bu arada baş nazir Binyamin Netanyahu bəzi sağ qanaq nazirlərin bu anklavı həmişəlik zəbt etməklə bağlı çağırışlarını ilk dəfə açıq şəkildə rədd edib.

İsrail Qəzzada HƏMAS-a qarşı müharibəni davam etdirir. Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi isə Cənubi Afrika Respublikasının (CAR) dekabrda qaldırdığı iddia üzrə ikigünlük dinləmələr keçirəcək. İddiada bu müharibənin 1948-ci il Soyqırımı Konvensiyasını pozduğu deyilir.

Bu dinləmə CAR-ın İsrailin Qəzzada hərbi əməliyyatları dayandırmasına çağıran təcili qərar istəməsi ilə bağlıdır. "Dünya məhkəməsi" kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsində işin halları üzrə proses illərlə çəkə bilər.

Yanvarın 10-da axşam Kolumbiya və Braziliya CAR-a dəstək ifadə ediblər.

İsrail HƏMAS-ın 7 oktyabr hücumundan sonra Qəzzanı bombalamağa başlayıb. HƏMAS-ın hücumu nəticəsində  1200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. Girovların bir qismi sonradan azad olunub.

İsrail isə Qəzzanın böyük hissəsini yerlə-yeksan edib, anklavın 2.3 milyonluq əhalisinin, demək olar, hamısı azı bir dəfə evlərini tərk etməli olublar, humanitar fəlakət yaranıb. Azı 23 min fələstinli öldürülüb.

 

ABŞ-ın mövqeyi, Netanyahunun bəyanatı

Birləşmiş Ştatlar CAR-ın genosid ittihamlarını rədd edib, eyni zamanda, İsraili fələstinli sakinləri qorumağa çağırıb.

"İsrailin genosid törətməsi iddiaları əsassızdır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib. Sözçü İsrailin özünü HƏMAS-ın hərəkətlərindən qorumaq hüququnu dəstəkləyib.

Dinləmələr öncəsi Netanyahu hökumətin sağ-qanad üzvlərinin fələstinlilərin Qəzzanı könüllü tərk etməsi, israillilərin orada məskunlaşması çağırışlarını rədd edib.

"Bəzi məqamları tamamilə aydın bildirmək istəyirəm: İsrailin Qəzzanı daimi tutmaq, yaxud oranın dinc əhalisini çıxarmaq niyyəti yoxdur", - o, X sosial platformasında yazıb.

"İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə savaşır, bunu tamamilə beynəlxalq hüquqa uyğun edirik", - Netanyahu məhkəmə dinləmələri öncəsi deyib.

 

Azadlıq Radiosu