İşgəncələrə görə həbs olunan hərbçilərə qarşı ötən ilin sentyabrında hökm çıxarılsa da, ictimaiyyətdən gizli saxlanılıb

2022-ci ilin martında Laçında itkin düşüb həlak olan hərbçilər Fərid Məmmədov və Firdovsi Abdullayev xidmət keçdikləri hərbi hissədə işgəncələrə məruz qalıblar.
Hərbi Prokurorluğun hadisədən 2 il 4 aydan sonra, bu il avqustun 7-də yaydığı məlumatda qeyd olunur ki, hərbçilərin itkin düşməsindən sonra iş üzrə cinayət işi açılıb və iki yüksək rütbəli zabit cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə Təbriz Babayevə qarşı Cinayət Məcəlləsinin 329.2.1-ci (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə), 329.2.2-ci (iki və ya daha çox şəxsə qarşı törədildikdə), 329.2.6-cı (işgəncə verməklə törədildikdə), 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma müharibə və döyüş şəraitində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu iş üzrə həbs olunmuş digər şəxs, Taleh Həməşəyevə qarşı isə təkcə 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma müharibə və döyüş şəraitində törədildikdə) maddəsilə ittiham irəli sürülüb”.
Hərbi prokurorun böyük köməkçisi Firad Əliyev əlavə edib ki, Füzuli hərbi məhkəməsinin 22 sentyabr 2023-cü ildə çıxardığı hökmlə hər iki şəxs müxtəlif illər olmaqla azadlıqdan məhrum edilib.
Həbs olunan şəxslərin hansı vəzifələri daşıdıqları açıqlanmasa da, ittiham üzrə irəli sürülən maddələr, əsasən, vəzifəli şəxsləri əhatə edir.
Azərbaycan ordusunun hərbçiləri Firdovsi Abdullayev və Fərid Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda itkin düşüblər. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.
 
AbzasMedia