Avropa Parlamenti Gürcüstan hakimiyyətilə bağlı sərt hesabat qəbul edib, sanksiyalara çağırıb

Avropa Parlamenti hakim “Gürcü arzusu” partiyasını Gürcüstanın Avropa İttifaqına inteqrasiya kursunu “faktiki olaraq geri çevirməkdə” tənqid edən sərt hesabat qəbul edib. Sənəddə ölkənin hakim və hökumətyönlü çevrələrinə qarşı hədəfli sanksiyaların tətbiqi çağırışı yer alıb.

“OC Media”nın yazdığına görə, hesabatı 436 avroparlamentari dəstəkləyib, 145 nəfər isə əleyhinə səs verib.

Çərşənbə günü qəbul edilən sənəddə hakim partiya “rejim” adlandırılıb, 2024-cü il parlament seçkiləri isə “saxtalaşdırılmış” kimi qiymətləndirilib. Hesabatda qeyd olunur ki, seçkilərdən sonra “Gürcü arzusu” “tam avtoritarizm” istiqamətində kursunu daha da sərtləşdirib.

Sənəd müəllifləri “Gürcü arzusu”nu “məhkəmə hakimiyyətinin müstəqilliyini sarsıtmaqda” və hökumət əleyhinə etirazçılara qarşı “sistemli və qeyri-mütənasib zorakılıqdan istifadə etməkdə” kəskin tənqid ediblər. Hesabatda partiya “siyasi motivli repressiya” sistemi yaratmaqda, “çoxsaylı siyasi məhbusları” həbsdə saxlamaqda ittiham olunur. Media və vətəndaş cəmiyyətinə qarşı məhdudlaşdırıcı qanunvericilik də pislənib.

Avropa Parlamenti Gürcüstan xalqı ilə “tam həmrəylik” ifadə edib. Sənəddə qeyd olunur ki, gürcü xalqı “demokratik geriləmə, artan repressiyalar, qanunsuz həbslər, davamlı düşmən ritorikası, dezinformasiya və təhdidlər” fonunda “avropalı və demokratik Gürcüstan” uğrunda mübarizəsini davam etdirir.

Əvvəlki qətnamələrdə olduğu kimi, Avropa Parlamenti yenidən Brüsseli “Gürcü arzusu”nun milyarder qurucusu Bidzina İvanişviliyə, onun ailə üzvlərinə və şirkətlərinə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə demokratik geriləməyə görə məsuliyyət daşıyan əsas “Gürcü arzusu” liderləri və dövlət rəsmilərinə, eləcə də hakim partiya ilə əlaqəli şirkət və media qurumlarının “şərik” sahiblərinə qarşı sanksiyaların vacibliyi vurğulanıb.

Hesabat müəllifləri hökumətyönlü üç telekanalı – “İmedi”, “POSTV” və “Rustavi 2”ni Avropa İttifaqına və onun institutlarına qarşı “qarayaxma kampaniyaları və düşmən təbliğatı” yaymaqda ittiham edərək açıq şəkildə pisləyiblər. Onlar Aİ-ni mart ayında “İmedi” və “POSTV”yə sanksiya tətbiq etmiş Böyük Britaniyanın “nümunəsini izləməyə” və bu dezinformasiya kampaniyalarının “təşkili və maliyyələşdirilməsinə” görə məsul şəxslərə qarşı “müvafiq” məhdudlaşdırıcı tədbirlər görməyə çağırıblar.

Hesabatda həmçinin Gürcüstan Milli Kommunikasiya Komissiyasının və Gürcüstan İctimai Yayımçısının rəhbərliyinin Aİ sanksiya siyahısına daxil edilməsi istənilib. Tənqidçilər bu qurumların “Gürcü arzusu” ilə əlaqəli olduğunu bildirirlər.

Rusiya, Belarus və İrana tətbiq edilən beynəlxalq sanksiyalara istinad edən hesabat müəllifləri bildiriblər ki, Gürcüstan hələ də bu tədbirlərin “böyük əksəriyyətinə” qoşulmayıb.

“Parlament Gürcüstan limanlarından, emal infrastrukturundan və neftlə işləmə obyektlərindən Rusiya neft məhsullarının beynəlxalq sanksiya rejimlərindən yayınmaq məqsədilə təkrar ixracı və ya qarışdırılması üçün istifadə oluna biləcəyindən narahatdır”, – hesabatda qeyd olunur.

Gürcüstan hakimiyyəti əvvəllər bu cür narahatlıqları rədd edib və beynəlxalq sanksiya öhdəliklərinə əməl etdiyini bildirib.

“Gürcü arzusu” adətən Avropa Parlamentinin tənqidi qətnamələrini əsassız sayır və onların siyasi çəkisinin olmadığını bildirir.

Cümə axşamı son hesabata münasibət bildirən xarici işlər naziri Maka Boçorişvili bu cür sənədlərin “yalan narrativlər” üzərində qurulduğunu və “Gürcüstanın milli maraqlarına zərər vurmaq” məqsədi daşıdığını deyib. O, belə hesabatların “çox da böyük əhəmiyyət daşımadığını” bildirsə də, Gürcüstan hökumətinin onları tamamilə görməzdən gələ bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, “Avropa Parlamenti də Avropa Komissiyası və Avropa Şurası kimi Aİ institutudur”.

“Onların heç bir gücü, siyasi çəkisi yoxdur. Bununla belə, hətta bir neçə avroparlamentarinin tamamilə əsassız iddialar və yalanlar əsasında ölkəmizə və cəmiyyətimizə bu şəkildə hücum etməsi, bizim isə bu prosesi cavabsız qoymağımız qəbuledilməzdir”, – Boçorişvili əlavə edib.

Hesabat “Gürcü arzusu”nun parlament nümayəndə heyətinin Lüksemburqa səfəri fonunda qəbul olunub. Hakim partiyanın deputatı Nikoloz Samxaradze bildirib ki, nümayəndə heyəti Tbilisi ilə Brüssel arasında dondurulmuş siyasi dialoqun bərpası üçün Lüksemburqdan vasitəçilik etməsini istəyib.

Onun sözlərinə görə, partiya Aİ ilə “kritik məsələləri”, o cümlədən 2024-cü ildə qəbul edilmiş “xarici agentlər” qanununu müzakirə etməyə hazırdır. “Gürcü arzusu”nun “şəffaflıq qanunu” adlandırdığı bu qanun Gürcüstanla Aİ arasında əsas gərginlik mənbələrindən biri olub.

Daha sonra hakim partiya rəsmiləri Samxaradzenin sözlərində yeni heç nə olmadığını bildiriblər və Tbilisinin Brüssellə dialoqa hər zaman hazır olduğu barədə iddialarını təkrarlayıblar.

Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd ölkə statusu alıb. Ölkə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Ukrayna və Moldova ilə birlikdə üzvlük üçün müraciət etmişdi. Lakin sonradan Gürcüstan hakimiyyətinin müxalif fikirlərə qarşı təzyiqləri artırması fonunda üzvlük prosesi dayanıb.

2024-cü ilin noyabrında hökumət ölkənin Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilədək “təxirə salındığını” elan edib. Bu qərar Tbilisi və digər şəhərlərdə genişmiqyaslı etirazlara səbəb olub.