İlahiyyatçı Qədir Məmmədovun ilk məhkəmə iclası baş tutub

Yanvarın 15-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ruhani Qədir Məmmədovun ilk məhkəmə iclası baş tutub. Hava şəraitinin qarlı olma səbəbindən məhkəmə online şəklində gerçəkləşib. İclas zamanı vəkil Zibeydə Sadiqova iki vəsadətlə çıxış edib. Vəkilin cinayət işinin xitam verilməsi müraciəti məhkəmə tərəfindən qəbul edilməyib. Ardınca vəkil ilahiyyatçının ev dustaqlığına buraxılmasını məhkəmədən istəyib. Lakin hakim bu vəsadəti də təmin etmədən ruhanini həbsdə saxlamaq qərarı verib.

Məhkəmədə çıxış edən ilahiyyatçı öz həbsini siyasi olaraq dəyərləndirib və onun narkotiklərlə bağlı hər hansı bir əlaqəsini mümkünsüz adlandırıb. O, özünün günahsız olduğunu bildirərək məhkəmə sənədləri ilə razı olmadığını və heç bir protokola imza atmadığını bir daha elan edib.

Qeyd edək ki, sentyabrın 15-də Maide.az saytının redaktoru, ruhani Qədir Məmmədov saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə şərlənərək həbs edilib.