Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Vəlişan Həsənov və Nizami rayon şöbəsinin təşkilati işlər üzrə sədr müavini Fərid Quliyevdən noyabrın 6-dan bəri xəbər almaq mümkün deyil.
Partiyadan verilən məlumata görə, hər iki şəxs son vaxtlar şəxsi avtomobilləri ilə AXCP sədri Əli Kərimlini müxtəlif tədbirlərə aparırmış. AXCP onların hüquq-mühafizə orqanları tərəfindən saxlandığını ehtimal edir.
Partiya sədri Əli Kərimli bildirib ki, Fərid Quliyevin 30 sutka inzibati həbsə məhkum edildiyi artıq təsdiqlənib, Vəlişan Həsənovun harada saxlanıldığı barədə isə məlumat yoxdur.
“İlham Əliyev siyasi rəqabəti beləmi təsəvvür edir? Öz şəxsi maşını ilə məni müxtəlif tədbirlərə aparan AXCP fəalları Vəlişan Həsənov və Fərid Quliyev oğurlanıblar. Mənə yaxın cəbhəçilərin ardıcıl və sistemli şəkildə həbs qərarı, heç şübhəsiz ki, İlham Əliyev tərəfindən verilib. Güc və repressiya strukturları da bu tapşırıqları yerinə yetirir. Məqsəd cəbhəçiləri həbslərlə qorxudub məni təkləməkdir,” – Əli Kərimli “ Facebook” səhifəsində yazıb.
Daxili İşlər Nazirliyindən və digər rəsmi qurumlardan məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.
AXCP bildirir ki, hazırda partiyanın 20-yə yaxın üzvü müxtəlif ittihamlarla həbsdə saxlanılır. Partiya rəhbərliyi bu həbsləri siyasi sifariş kimi qiymətləndirir.
Məlumata görə, mart ayından bəri Əli Kərimliyə yaxın 10-a qədər partiya fəalı saxlanılıb.
İki AXCP üzvündən biri həbs edilsə də, digərindən hələ də xəbər yoxdur