Oktyabrın 26-da saxlanılan Müsəlman Birliyi Hərəkatının fəal üzvü Əhsən Nuruzadə inzibati cəza ilə azadlıqdan məhrum edilib. Belə ki, oktyabrın 29-da Nərimanov Rayon Məhkəməsində Nuruzadə barəsində 206-cı maddə ilə (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qərara əsasən cəza müddəti bitdikdən sonra o, məcburi müalicəyə cəlb olunmalıdır.
Əhsən Nuruzadə məhkəmənin qərarına etiraz edib və qərarın saxta olduğunu bildirərək şərləndiyini söyləyib.
Qərardan Apellyasiya şikayətinin verilməsini istəyən Nuruzadə əgər Apellyasiya Məhkəməsi onun inzibati cəzasını ləğv etməyəcəyi halda aclığa başlayacağını deyib.
Xatırladaq ki, 2017-ci ildə Nuruzadə iki dəfə inzibati qaydada həbs olunub, elə həmin ilin oktyabrında isə ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Nuruzadə 2024-cü ilin oktyabrın 5-də həbs dövrünü başa vuraraq azadlığa çıxmışdı.
Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
Əhsən Nuruzadə inzibati cəza ilə həbs olundu