Hizbullah: İsrailin hücumları cavabsız qalmayacaq

Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddin İsrailin Livanın cənubuna hücumlarına reaksiya verib.

Seyid Haşim Səfiyuddin şəhidlərin anım mərasimindəki çıxışında işğalçı İsrailin hücumlarında aralarında uşaqların da olduğu mülki şəxslərin həyatını itirdiyini bildirib.

Bu hücumun cavabsız qalmasının mümkün olmadığını dilə gətirən Səfiyuddin, “Mütləq lazımi və uyğun səviyyədə reaksiya olacaq” deyib.

Xatırladaq ki, İsrail ordusu dünən Cənubi Livana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. İşğalçı qüvvələrin döyüş təyyarələri Livanın cənubundakı Adşit, Əl-Şəhabiya, Əl-Svane, Cebşit və Nəbati bölgələrini bombalayıb, bu hücumlarda 4 nəfər şəhid olub, 11 nəfər yaralanıb.