Hindistanın baş naziri Modinin Moskvaya səfəri nə məna daşıyır?

Hindistanın baş naziri Narendra Modi Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə Moskvaya səfər edəcək və prezident Vladimir Putinlə görüşəcək. Qərbin diqqətlə izləyəcəyi bu səfər iki ölkə arasında strateji yaxınlaşmanın getdikcə artdığını göstərir.

Bu yaxınlarda Hindistanın baş naziri olaraq yenidən and içərək üçüncü müddətə vəzifəyə başlayan Narendra Modi ilk xarici səfərini Rusiyaya etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün bazar ertəsi Moskvaya gedəcək.

Baş nazir Modi Moskvaya iki günlük səfərindən sonra Avstriyaya gedəcək.

Modinin yeni dövründəki ilk xarici səfərinin xarici siyasət prioritetləri baxımından Hindistanın qonşularından başlayacağı düşünülürdü, lakin o, Rusiyanı seçdi.

 

Bəs, Modinin bu seçimi nə deməkdir?

Hindistanın baş naziri son 5 ildə ilk dəfə Moskvaya səfər edəcək. Bu səfər Putinin Qərb ölkələrinə qarşı diplomatik dəstək və hərbi ittifaq axtardığı dövrə təsadüf edir.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bazar günü verdiyi müsahibədə bildirib ki, Qərb ölkələri Hindistanın baş naziri Modinin Rusiyaya səfərini “yaxından və qısqanclıqla” izləyirlər.

"Onlar qısqancdırlar və onu yaxından izləyirlər. Onu yaxından izləmələri o deməkdir ki, ona böyük əhəmiyyət verirlər. Onlar da yanılmırlar, bu, böyük əhəmiyyət kəsb edilməli olan görüşdür", - Peskov bildirib.

Çərşənbə axşamı verdiyi açıqlamada Peskov Putin və Modi arasında görüş zamanı "gündəlikdəki bütün məsələlərin" müzakirə ediləcəyini bildirib.

 

Rusiya-Ukrayna böhranına baxış

Modinin Moskvaya səfəri Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra ilk səfər olacaq. Putinlə Modinin görüşündə Ukrayna böhranı ilə bağlı mühüm məqamlara toxunulacağı gözlənilir. Xarici siyasətində çoxsaylı işbirlikləri qurmağı qarşısına məqsəd qoyan Modi administrasiyasına tabe olan Hindistan Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskva administrasiyasını açıq şəkildə qınamaqdan imtina etmiş və bu münasibət Qərb ölkələri tərəfindən birmənalı qarşılanmayıb. O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Rusiyanı pisləyən səsvermələrdə də dəfələrlə bitərəf qalıb.

1971-ci ildə imzalanan dostluq müqaviləsindən sonra Rusiya və Hindistan arasında möhkəm əlaqələr var.

 

Hindistan hərbi texnika baxımından Kremldən çox asılıdır.

Ukrayna müharibəsindən bəri Dehli Moskva üçün əsas ticarət tərəfdaşı olub. Bunun ən mühüm göstəricisi Hindistanın Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiya xam neftini endirimli qiymətlərlə almağa davam etməsidir. Bu, Qərb ölkələrinin təcrid olunması ilə üzləşən Rusiya üçün mühüm xilasedicidir.

Modi sonuncu dəfə Putinlə 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində görüşüb.

Putin 2023-cü ildə Hindistanın prezidentliyi dövründə keçiriləcək G-20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. Sammitin sonunda Rusiyanın Ukraynaya təcavüzünü pisləyən yekun bəyannamə qəbul edilib. Putinin ardınca Çin prezidenti Si Cinpin də sammitdə iştirak etməyəcəyini açıqlamışdı.

 

Rusiya və Çin arasında yaxınlaşma

Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra Qərblə gərginlik fonunda Hindistanın strateji rəqibi Çinlə daha sıx əlaqələr qurur. Rusiya ilə Çinin yaxınlaşması Himalay dağlarında Çinlə sərhəd mübahisəsi olan Hindistanı narahat edir.

Çərşənbə günü Qazaxıstanda keçirilən ŞƏT sammitində iştirak edən Putin və Si Cinpin iki ölkə arasında münasibətlərin dərinləşməsini yüksək qiymətləndiriblər. Putin deyib ki, ikitərəfli münasibətlər “tarixinin ən yaxşı dövrünü” yaşayır və dünya üçün sabitləşdirici qüvvədir.

Rusiyanın Ukraynaya təcavüzünə başlamazdan bir neçə gün əvvəl Putin və Xi Jinping “məhdud dostluq” elan etdilər.