Prezident İlham Əliyev "Hesablama Palatası haqqında” qanunu imzalayaraq onun tətbiqinə fərman verib.
Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.
Hesablama Palatası Milli Məclisin yaratdığı, parlamentə hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurum icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy verir.
Palata sədr, sədr müavini və 5 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında parlamentin azı 63 deputatının səs çoxluğu ilə təyin edilirlər.
Hesablama Palatası dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə etmək; dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil etmək; kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada almaq, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olmaq; kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olmaq, müvafiq sahələrdə müşahidələr aparmaq, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlamaq, inventarizasiyasını aparmaq, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar almaq; inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək; kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət etmək kimi hüquqları var.
Hesablama Palatasının yeni statusu rəsmiləşib
Oxşar xəbərlər